Hakim “Gürcü Arzusu” Partiyası ölkə prezidenti postuna keçmiş futbolçu, deputat Mixail Kavelaşvilinin namizədliyini irəli sürüb.
Birinci24.com xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun mərkəzi ofisində keçirilən brifinqdə partiyanın təsisçisi Bidzina İvanişvili məlumat verib.
“Şadam ki, partiyanın Siyasi Şurasının qərarına uyğun olaraq Gürcüstan prezidenti vəzifəsinə Mixail Kavelaşvilinin namizədliyini irəli sürürəm” – İvanişvili belə deyib.
O qeyd edib ki, siyasi fəaliyyətə başlamazdan əvvəl Kavelaşvili “Gürcüstan üçün vacib olan bütün məsələlərdə kompromissiz, prinsipial mövqe nümayiş etdirib”, parlamentin üzvü olduqdan sonra isə “ölkənin maraqlarının qorunmasına və suverenliyinin möhkəmlənməsinə böyük töhfə verib”.
İvanişvili əmindir ki, Kavelaşvili prezident institutunun “müvəqqəti olaraq əlindən alınan şərəfini ” qaytaracaq və “prezidentin xəyanət etməsi təcrübəsini” keçmişdə qoya biləcək. “Gürcü Arzusu”nun qurucusu həmçinin deyib ki, Kavelaşvili prezident olduqdan sonra xarici dövlətlərin yox, Gürcüstanın və onun xalqının maraqlarına xidmət edəcək.
Mixail Kavelaşvilinin 53 yaşı var, Gürcüstanın Bolnisi şəhərində anadan olub, “Dinamo Tbilisi”, “Alaniya Vladiqafqaz”, “Mançester Siti” (İngiltərə); “Luserne” (İsveç), “Qrasshopper” (İsveç) və “Sürix” (İsveç) klublarında oynayıb, Gürcüstan millisinin üzvü olub, 1995-ci ildə Rusiya çempionatının ən yaxşı futbolçuları siyahısına daxil edilib. 2016-cı ildən etibarən hakim partiyanın deputatıdır.
Qərbin ən qatı tənqidçilərindən biri olan Kavelaşvilinin övladları İngiltərə və İsveçrədə dünyaya gəlib.
Gürcüstanda prezident seçkiləri dekabrın 14-də keçiriləcək. Gürcüstan parlamentinin saytında Kavelaşvilinin adının qarşısındakı təhsil qrafası boşdur.