Dekabrın 6-na keçən gecə Ukrayna dronları ilhaq edilmiş Krımın Kerç şəhərinə hücum edib, “Zaliv” gəmiqayırma zavodunun ərazisində partlayış səsləri eşidilib.
Krım körpüsündə avtomobillərin hərəkəti dayandırılıb. Rusiya Müdafiə Nazirliyi üç dronun vurulduğunu bildirib. Ukrayna tərəfi məlumatı şərh etməyib. Rusiya tərəfinin məlumatına görə, hava hücumundan müdafiə sistemləri bir gecədə toplam 33 dron məhv edib, onlardan 14-ü Voronej vilayətində, 11-i Kursk vilayətində, 7-si isə Belqorod vilayətində vurulub. Voronej vilayətinin rəsmiləri xəsarət və dağıntı olmadığını bildiriblər. Digər bölgələrin hakimiyyət nümayəndələri hücumların nəticələrilə bağlı açıqlama verməyiblər.
Dekabrın 5-də axşam saatlarında Rusiyanın “Shahed” dronu Çerniqov vilayətində fərdi yaşayış binasını vurub, bir nəfər xəsarət alıb.
Bu barədə vilayət administrasiyasının rəhbəri Vyaçeslav Çaus məlumat verib. Dekabrın 6-na keçən gecə isə Rusiya ordusu Ukraynaya, xüsusən də Kiyevə dronlarla hücum edib. Kiyevin hərbi administrasiyasının rəhbəri Sergey Popko xəsarət və dağıntı olmadığını bildirib.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiyanın Oryol şəhərindən Ukrayna ərazisinə gecə boyu 53 ədəd “Shahed” və digər növ PUA-lar buraxılıb, əksəriyyəti vurulub.