Milli Məclisin deputatı Qüdrət Həsənquliyev magistr dərəcəsi almış və rezidenturanı bitirmiş şəxslərin müvafiq vəsait ödəmək qarşılığında hərbi xidmətdən azad edilməsini təklif edib.
Birinci24.com xəbər verir ki, deputat bunu parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.
Q.Həsənquliyev hesab edir ki, hər kəsin hərbi xidmətə çağrılması laızm deyil:
“Sovet dövründən qalma fikir var ki, kişidirsə, mütləq hərbi xidmətdən keçməlidir. Elə gənclərimiz var ki, onlar kompüter arxasında daha faydalıdırlar. Hərb özü də bir sənətdir. Hərbi xidmətə yararlı olsa da, hər kəsin hərbi xidmətə məcburi çağırılması vacib deyil”.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Azər Məmmədov isə müzakirə zamanı bildirib ki, ödənişli hərbi xidmətlə bağlı aidiyyəti qurumlarda müzakirə aparılıb, amma bu, dəstəklənməyib.
Bununla belə, rəis müavini alternativ hərbi xidmətlə bağlı hazırda iş aparıldığını deyib.