Rusiya-Ukrayna müharibəsi sahədə yeni texnologiyaların tətbiqi baxımından bir çox ilklərə zəmin yaradır. Son zamanlar cəbhə xəttində tez-tez görünməyə başlayan vasitələrdən biri də elektrikli motosikletlərdir.
Bir tərəfdən Rusiya-Ukrayna müharibəsi, digər tərəfdən Çinin Sakit okeanın şimalında artan təlimləri ilə biz qlobal güclərin sahib olduqları hərbi texnologiyaları nümayiş etdirdiyi bir dövrə daxil olmuşuq. Buna görə də bu yaxınlarda robot itlərdən tutmuş sinxronlaşdırılmış pilotsuz uçuş aparatı sürülərinə qədər bir çox müasir texnologiyaların bu sahədə istifadəsinin şahidi olmuşuq.
Bu prosesdə diqqət çəkən layihələrdən biri də Rusiyanın Ukrayna cəbhəsində sınaqlarına başladığı elektrikli motosikletlər olub. Rusiya Ukrayna cəbhəsində “Kalashnikov Group”un istehsal etdiyi elektrikli motosikletlərin sınaqlarına başlayıb.
Müasir süvari olaraq xarakterizə edilən bu elektrikli motosikletlərin ənənəvi mühərrikli vasitələrlə müqayisədə iki mühüm üstünlüyü var: Birincisi, onlar çox aşağı səs-küylə, hətta demək olar səssiz işləyirlər. İkincisi və bəlkə də daha vacibi, istilik yaymadıqları üçün termal kameralar tərəfindən aşkar edilmirlər.
“Kalashnikov” Rusiya ordusu üçün elektrikli motosikllər istehsal edir
Rusiyanın məşhur silah istehsalçısı “Kalashnikov Group”un Rusiyada istehsal etdiyi bu motosikletlərin paylaşılan görüntüləri bunun tək nəfərlik vasitə olduğunu göstərir. Vasitədə zəncirlə idarə olunan elektrik mühərriki və metal qəfəsdə qorunan litium-ion batareyası olduğu görünür.
Rusiya kimi Ukrayna da bir müddətdir ki, cəbhə xəttində elektrikli motosikllərdən istifadə edir. Ukrayna və Almaniya istehsalı olan elektrikli motosikllər Ukrayna ordusu tərəfindən xüsusilə kəşfiyyat missiyalarında tez-tez istifadə olunur. Digər tərəfdən, Ukraynada yerləşən “Delfas” tərəfindən istehsal edilən motosikletlər də NLAW tank əleyhinə raketlərini cəbhəyə daşımaq üçün sahəyə yerləşdirilir.