Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Ruben Vardanyanın vəkili: “Ona qarşı yeni ittihamlar irəli sürülüb”

Ruben Vardanyanın vəkili: “Ona qarşı yeni ittihamlar irəli sürülüb”

Dağlıq Qarabağda separatçı qurumun “dövlət naziri” olmuş milyardçı Ruben Vardanyana qarşı yeni ittihamlar irəli sürülüb.

Birinci24.com xəbər verir ki, onun ailəsiylə vəkilinin dekabrın 16-da yaydığı bəyanatda belə deyilir.

“Təqsirkar bilinəcəyi halda ona ömürlük həbs cəzası verilə bilər. Ruben Vardanyana qarşı irəli sürülən yeni ittihamlar Azərbaycan Cinayət Məcəlləsinin 20-dək fərqli maddəsini əhatə edir”, – həmin bəyanatdan sitatdır.

Bəyanatda o da bildirilir ki, Vardanyana qarşı “saxta sübutlar” 25 mindən çox səhifədə Azərbaycan dilində təqdim edilib. İddialara görə, milli güvənlik səbəblərindən Azərbaycan tərəfi Vardanyandan işin detallarını gizlədib.

Vardanyanın vəkili Cared Qenzerin fikrincə, bununla da rəsmi Bakı müstəqilliyi və qərəzsizliyi şübhə doğuracaq gizli məhkəmə prosesi keçirmək istəyir. O əlavə edib ki, Qarabağda baş verənlərin bütün məsuliyyətini Vardanyanın boynuna qoymaq istəyi var.

“Bu absurda son qoymaq üçün demokratik dünya heç bir addım atmasa, qorxuruq ki, onu yenidən görə bilməyək”, – oğlu David Vardanyanın sözləridir.

Rəsmi Bakı Vardanyanın vəkilinin ittihamlarını rədd edib və onun müvəkkiliylə görüşmək üçün Azərbaycana gəlişini yasaqlayıb.

R.Vardanyan Cinayət Məcəlləsinin 214-10ci (terrorçuluğu maliyyələşdirmə), 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli sayılır.

İttihamları rədd edən Vardanyan 2022-ci ilin noyabrında, Rusiya prezidenti Vladimir Putin onu Rusiya vətəndaşlığından çıxarmazdan bir ay öncə Qarabağdakı separatçı quruma “dövlət naziri” təyin edilib.

O, baş nazir Nikol Paşinyanın Ermənistan-Azərbaycan münaqişəsinə yönəlik siyasətini tənqid edib və ötən ilin martında Azərbaycanın basqısıyla vəzifəsindən kənarlaşdırılıb. Həmin il sentyabr əməliyyatlarından sonra da həbs edilərək Bakıya gətirilib.

Ermənistan hökuməti separatçı liderlərin həbsini pisləyərək onların azad olunması üçün beynəlxalq ictimaiyyətə müraciət edib.

Erməni müxalifəti isə düşünür ki, hökumət Vardanyan haqqında səsləndirdiyi fikirlərlə rəsmi Bakıya bu həbsləri legitimləşdirməyə kömək edib.

İrəvandakı mətbuat konfranslarının birində N.Paşinyan Rusiya vətəndaşlığından imtina edən Vardanyanın hansı məqsədlə Qarabağa köçdüyünü soruşmuşdu. Rəsmi Bakı da daha öncə Vardanyanın Rusiya maraqlarını güdmək üçün Moskvadan göndərildiyini bildirmişdi.

Editor

Related Posts