Prezident Administrasiyasının Hüquq mühafizə orqanlarıyla iş şöbəsinin müdiri, İlham Əliyevin köməkçisi Fuad Ələsgərova, daxili işlər naziri Vilayət Eyvazova və dövlət təhlükəsizlik xidmətinin rəhbəri Əli Nağıyevə sanksiya tələb olunur.
Avropa Parlamenti bununla bağlı qətnamə hazırlayıb.
“Azərbaycanda vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı davam edən repressiyalar, həmçinin Qubad İbadoğlu, Anar Məmmədli, Kamran Məmmədli, Rüfət Səfərov və Meydan TV-nin işlərinə dair” qətnamə sabah səsverməyə çıxarılacaq. Avropa Parlamenti yaydığı sənəddə qeyd edir ki, hər üç yüksək vəzifəli şəxs Azərbaycanda siyasi həbslərin və repressiyaların əsas təşkilatçısı və iştirakçısıdır. Parlament Azərbaycan tərəfindən ratifikasiya olunmuş İnsan Hüquqları üzrə Avropa Konvensiyasına əsaslanaraq ölkədə baş verən siyasi təzyiqlər və insan haqlarıyla bağlı çağırış ediblər. Bildirilir ki, 2023-cü ildən etibarən Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyətinə, siyasi müxalifətə, hüquq müdafiəçilərinə, LGBTİ+ icmasına və müstəqil mediaya qarşı sistemli repressiyalarla məşğuldur: “Azərbaycanda 300-dən çox siyasi məhbus, o cümlədən keçmiş özünü elan etmiş Dağlıq Qarabağ respublikasının rəhbərləri də daxil olmaqla 23 erməni hərbi əsir var”.
Qətnamə layihəsində həmçinin qeyd olunur ki, siyasi məhbus, 2024-cü il Saxarov mükafatının finalçısı Qubad İbadoğlu hələ də ev dustaqlığında saxlanılır: “Avropa İnsan Hüquqları Məhkəməsi onun səhhətinin kritik olduğunu, xəstəxanaya yerləşdirilməsini və təcili ürək əməliyyatının aparılmasını tələb etdiyi halda ona təzyiqlərə son verilmir”.
Avropa Parlamenti bildirir ki, vətəndaş cəmiyyətinin lideri Anar Məmmədlinin 2024-cü ilin aprelindən saxta ittihamlarla saxlanılıb, səhhəti ilə bağlı təcridxanada ona tibbi yardım göstərilməyib. Qətnamə layihəsində Azərbaycanda son günlər həyata keçirilən həbslərə də toxunub: “2024-cü il dekabrın əvvəlində Azərbaycan hakimiyyəti MeydanTV-nin jurnalistləri – Aynur Qənbərova, Aytac Əhmədova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Aysel Umudova, jurnalistlər Ramin Cəbrayılzadə, Əhməd Muxtar, həmçinin Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov, siyasi lider Azər Qasımlı və hüquq müdafiəçisi Rüfət Səfərov həbs edilib”.
Bildirilir ki, bütün bu həbslər əsassız, ittihamlar siyasi motivlidir. “Ətraf mühit fəalı Kamran Məmmədli isə COP29-da mühafizəçilər tərəfindən hücuma məruz qalıb və ona səfər etmək qadağan edilib. Məhbusların hüquqlar pozulub, onlad qeyri-insani şəraitdə saxlanılıb, işgəncələr verilib, həmçinin qadın siyasi məhbuslara, o cümlədən Nərgiz Absalamovaya xüsusi təzyiqlər edilib” deyə, sənəddə bildirilir.
Qətnamə layihəsində aşağıdakı tələb və müddəalar yer alıb:
1. Azərbaycan rejimi tərəfindən insan hüquqlarının, o cümlədən ifadə, birləşmək və dinc toplaşmaq azadlıqlarının davamlı şəkildə pozulmasını və cinayət mühakiməsi sistemindən siyasi motivli sui-istifadə edilməsini qəti şəkildə pisləyirik;
2. Azərbaycan hakimiyyətini bütün dissident qruplara qarşı repressiyaları dərhal dayandırmağa və qondarma, siyasi motivli ittihamlarla təqib edilən hüquq müdafiəçiləri, jurnalistlər, siyasi və digər fəallara qarşı bütün ittihamları qeyd-şərtsiz azad etməyə və ləğv etməyə çağırırıq;
3. Hakimiyyət orqanlarından İbadoğluya qarşı səfər qadağasını dərhal aradan qaldırmağı, ona qarşı irəli sürülən bütün ittihamları qeyd-şərtsiz ləğv etməyi və xaricdə təcili müalicə almasına icazə verməyi tələb edir; İbadoğlunun Saxarov mükafatının təqdimetmə mərasimində iştirakına və ya uzaqdan əlaqə saxlamasına icazə verilməməsindən təəssüflənirik;
4. Azərbaycanı qeyri-hökumət qruplarının və medianın qeydiyyatı və maliyyələşdirilməsilə bağlı qanunlarını Venesiya Komissiyasının tövsiyələrinə uyğunlaşdıraraq müstəqil mediaya qoyulan yersiz məhdudiyyətləri aradan qaldırmağa çağırır; hakimiyyətdən “Meydan TV”, “Toplum TV”, “AbzasMedia” və “Kanal13”-ə qarşı repressiyalara son qoyulmasını tələb edirik;
5. Aİ-nin qlobal insan haqları sanksiya rejiminə uyğun olaraq, Fuad Ələsgərov, Vilayət Eyvazov və Əli Nağıyev də daxil olmaqla, ciddi insan hüquqları pozuntularına görə məsuliyyət daşıyan Azərbaycan rəsmilərinə qarşı sanksiyaların tətbiqinə çağırırıq;
6. Təkrar edirik ki, Aİ-Azərbaycan tərəfdaşlıq sazişi, o cümlədən enerji sahəsində – əsas hüquqlara hörmət və bütün siyasi məhbusların azad edilməsi şərti olmalıdır; Komissiyanı enerji sahəsində Strateji Tərəfdaşlığa dair 2022-ci il Anlaşma Memorandumunu dayandırmağa çağırırıq.