Tramp Panama kanalını geri almaqla hədələyib 

Tramp Panama kanalını geri almaqla hədələyib 

ABŞ-ın seçilmiş prezidenti Donald Tramp ABŞ-ın 1999-cu ildə Panamaya verdiyi Panama kanalına nəzarəti bərpa edəcəyilə hədələyib. O bunu dekabrın 22-də Arizona ştatının Feniks şəhərində keçirilən “AmericaFest 2024” adlı tədbirdəki çıxışı zamanı deyib.

“Əgər bu səxavətli hədiyyənin həm mənəvi, həm də hüquqi prinsipləri qorunmasa, biz Panama kanalının tam şəkildə, dərhal və sorğu-sualsız bizə qaytarılmasını tələb edəcəyik” deyən Tramp bildirib ki, Panama kanaldan istifadə üçün həddindən artıq yüksək tariflər müəyyən edib və kanalın iş rejiminə Çin də təsir göstərir. Tramp söz verib ki, kanalın “özgə əllərə” keçməsinə imkan verməyəcək.

“Reuters” yazır ki, Çin kanalın iş rejiminə müdaxilə etmir, amma kanalın girişdəki iki limanı Honq-Konqun “CK Hutchison Holdings” şirkətinin törəmə qurumu idarə edir.

Tədbirdən sonra Donald Tramp ona məxsus “Truth” sosial şəbəkəsində Panama kanalının Amerika bayrağı dalğalanan fotosunu paylaşıb.

Trampın çıxışından sonra Panama prezidenti Xose Raul Mulino “X” platformasında bəyanat yayaraq bildirib ki, Panamanın müstəqilliyi müzakirə mövzusu deyil və kanalın idarə olunmasına Çinin heç bir təsiri yoxdur. Kanaldan keçid üçün müəyyən edilmiş tarifləri müdafiə edən Mulino yazıb ki, “Panama kanalının və onun ətrafının hər kvadrat metri Panamaya məxsusdur və bundan sonra da Panamaya məxsus olacaq”.

“Buna hələ baxarıq!” – Tramp ona belə cavab verib.

Panama kanalını ABŞ tikib, 1920-ci ildə istifadəyə verib və bir neçə onillik ərzində onu idarə edib. 1977-ci ildə Panama ilə müqavilə bağlayaraq kanalın idarəçiliyini bu ölkəyə həvalə edib. Bir neçə il birgə idarəetmədən sonra – 1999-cu ildə ABŞ kanalı tam şəkildə Panamanın nəzarətinə verib.

Tramp ərazi ekspansiyası barədə əvvəllər də danışıb. 2024-cü ilin noyabrında keçirilmiş prezident seçkilərindəki qələbəsindən sonra Tramp bir neçə dəfə deyib ki, Kanadanın ABŞ-ın ştatlarından birinə çevrilməsini istəyir.

İlk prezidentlyi dövründə (2017-2021) Tramp Qrenlandiyanı satın almaq ideyasını səsləndirib, amma Danimarka buna dərhal rədd cavabı verib.

Tramp dünən yenidən bu mövzuya qayıdıb.

“Amerika Birləşmiş Ştatları hesab edir ki, milli təhlükəsizliyin və bütün dünyada azadlığın təmin edilməsi üçün Qrenladiyaya sahib olmaq və ona nəzarət etmək son dərəcə vacibdir” – Tramp belə deyib.

Editor

Related Posts