Gürcüstan Daxili İşlər Nazirliyi noyabr və dekabr aylarında hökumət əleyhinə nümayişlərdə iştirak etdiyi iddia edilən 25 əcnəbinin ölkədən çıxarılmasına qərar verib.
Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi 25 əcnəbidən artıq 10 nəfərin Gürcüstanı tərk etdiyini bildirsə də, onların hansı ölkədən olduğunu açıqlamayıb.
Miqrasiya İdarəsi bildirib ki, 2024-cü ilin son iki ayı ərzində İran, Əlcəzair, Hindistan, Mərakeş, Şri-Lanka, Misir, Pakistan, Nigeriya, İraq, Türkiyə, Azərbaycan, Rusiya vətəndaşları da daxil olmaqla, müxtəlif ölkələrdən olan 91 əcnəbi Gürcüstandan çıxarılıb.
İdarədən verilən açıqlamaya görə, deportasiya edilən 91 nəfər arasında etiraz aksiyalarında iştirak etdiyi deyilən və buna görə də “müxtəlif inzibati cərimələrə” məruz qalan 25 xarici ölkə vətəndaşı da var.
Qurum qeyd edir ki, 2024-cü ildə Gürcüstandan ümumilikdə 430 əcnəbi çıxarılıb ki, bu da əvvəlki illə müqayisədə 126% çoxdur.
Yerli hüquq müdafiəçilərinə görə, noyabr-dekabr aylarında amansız repressiyalar zamanı təxminən 500 nümayişçi saxlanılıb, onlardan bəziləri fiziki təzyiqlərə məruz qalıb və çoxunun tibbi yardıma ehtiyacı var.
Gürcüstan hökumətinin Avropa İttifaqına inteqrasiya siyasətini dayandırması haqda qərarı açıqlamasından sonra ölkədə başlamış etirazlar 40 gündən çoxdur davam edir.
Etirazçılar yeni parlament seçkilərinin keçirilməsini və hökumət əleyhinə nümayişlər zamanı saxlanılanların azad edilməsini tələb edirlər.
Rəsmi nəticələrə görə, oktyabrın 26-da keçirilən parlament seçkilərində Gürcü Arzusu partiyası səslərin 54%-ni qazanıb. Bununla belə, yerli media və müşahidəçi qruplar hakim partiya və onun nəzarət etdiyi qurumlar tərəfindən səsvermə zamanı yol verilən qanun pozuntularını sənədləşdiriblər.