Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Ermənistan hələ ATƏT-dən Minsk qrupunun buraxılmasını xahiş etməyib

Ermənistan hələ ATƏT-dən Minsk qrupunun buraxılmasını xahiş etməyib

Ermənistan hələ Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) Dağlıq Qarabağ üzrə Minsk qrupunun buraxılması ilə bağlı müraciət etməyib.

Birinci24.com xəbər verir ki, bu barədə AzadlıqRadiosuna Ermənistan baş nazirinin ofisindən bildirilib.

“Ermənistan Respublikası Minsk qrupunun buraxılması ilə bağlı ATƏT-ə müraciət etmək imkanını nəzərdən keçirir”, – Ofisdən verilən yazılı məlumatda deyilir.

ABŞ, Fransa və Rusiyanın üzv olduğu Minsk qrupu 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmaq üçün yaradılıb. Onilliklər ərzində həmsədr ölkələr Azərbaycan və Ermənistan arasında vasitəçilik səyləri göstərib.

Azərbaycan Ermənistanla sülh sazişinin imzalanmasının ilkin şərtləri sırasına Minsk qrupunun ləğv olunmasını daxil edib.

Ermənistan baş naziri Nikol Paşinyan 8 yanvar tarixində rəsmi “Facebook” hesabında paylaşdığı postda Minsk qrupunun buraxılması ilə bağlı addımı atmağa hazır olduğunu bəyan edib. Baş nazir ATƏT-in Minsk qrupunun mümkün ləğvini Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması ilə əlaqələndirib. Paşinyanın sözlərinə görə, belə bir addıma cavab olaraq rəsmi Bakı da müasir Ermənistan ərazisinin çox hissəsini “Qərbi Azərbaycan” adlandırmağı dayandırmalıdır.

Editor

Related Posts