Bəxtiyar Hacıyevə hökm oxundu 

Bəxtiyar Hacıyevə hökm oxundu 

Yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevə hökm oxunub. O, 10 il müddətinə azadlıqdan məhrum edilib. 

Ötən məhkəmə iclasında dövlət ittihamçısı ictimai fəala 11 il cəza istəmişdi. 

Hökmlə Bəxtiyar Hacıyevin Bakı şəhəri,  H.Zərdabi küçəsində olan evi və bank hesablarındakı pul vəsaitləri də müsadirə olunub. Ona təlim-tədris işləri qadağan edilib. 

Bəzi maddələrə isə müddəti ötdüyü üçün xitam verilib. 

Hakim hökmü elan etməmişdən əvvəl Bəxtiyar Hacıyevin vəkilləri müdafiə çıxışı edərək onun barəsində bəraət hökmü çıxarılmasını xahiş ediblər. Hacıyev də son söz hüququndan istifadə edərkən özünü təqsirli bilmədiyini, sifarişlə həbs olunduğunu bir daha məhkəmənin diqqətinə çatdırıb və məhkəmədən bəraət istəyib. 

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.

Ötən il iyunun 16-da fəala qarşı maliyyə pozuntuları – qrantların mənimsənilməsilə bağlı yeni ittihamlar irəli sürülüb. O həmçinin qanunsuz sahibkarlıq, pulların yuyulması, qaçaqmalçılıq və saxta sənədlərdən istifadə etməkdə ittiham olunub.

Həmin ilin noyabrında ona qarşı daha bir ittiham irəli sürülüb – vergilərin ödənilməməsi.

Hacıyev ittihamları rədd edir. O, həbsini siyasi sifariş hesab edir. 

Hüquq müdafiəçiləri ölkədə 300-dən çox siyasi məhbus olduğunu bildirirlər. 

Azərbaycan hakimiyyəti isə ölkədə heç kimin siyasi fəaliyyətinə görə həbs edilmədiyini, bütün hüquq və azadlıqların təmin olunmadığını bildirir.  

Editor

Related Posts