Meymunçiçəyi infeksiyasına yoluxma riski çoxsaylı cinsi partnyorları, ummunçatışmazlığı, açıq yaralı dəri səthi olan insanlarda daha yüksəkdir.
Birinci24 informasiya agentliyi xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov bu haqda bildirib.
Onun sözlərinə görə, xəstəliyi kiçik yaşlı uşaqlar, hamilələr, müxtəlif səbəblərdən immun çatmazlığı, o cümlədən ağır xroniki xəstəliyi olan və ahıl yaşlı şəxslər ağır keçirə bilər.
T.Eyvazov xəstəliyin əksər sağlam insanlarda yüngül keçdiyini və ona yoluxanların qısa müddətdə sağaldığını qeyd edir.
İnfeksionist deyib ki, M.pox infeksiyası 5-21 günlük gizli dövrdən sonra başlayır:
“Xəstələrdə ilk günlərdə qızdırma, şiddətli baş ağrısı, limfadenopatiya, qulaqətrafı, aksilyar, boyun və qasıq limfa düyünləri cəlb olunur, bel və əzələ ağrıları, güclü asteniya, daha az hallarda boğaz ağrısı, öskürək, asqıraq, mədə-bağırsaq əlamətləri –disfagiya, qusma, diareya görünür. Hərarət və digər prodromal əlamətlər adətən səpkilərin görünməsi ilə zəifləyir”.
T.Eyvazovun sözlərinə görə, dəri səpkiləri adətən qızdırma başlandıqdan sonra 1-3 gün ərzində müşahidə edilir.
“Səpkilər gövdədən daha çox üz və ətraflarda cəmləşir, ovuclara və ayaq altlarına, ağız boşluğunun selikli qişaları, cinsiyyət orqanları, konyunktiva, buynuz qişanın zədələnməsi rast gəlinir”, o əlavə edir.
Həkim meymunçiçəyinin adətən 2-4 həftə davam etdiyini, ancaq uşaqlarda, immundefisitli şəxslərdə daha uzun çəkə biləcəyini vurğulayır.
Təyyar Eyvazov diqqətə çatdırıb ki, hospitalizasiya tələb olunmayan xəstələr evdə izolyasiya olunmalıdırlar.
Azərbaycanda bir neçə gün öncə meymunçiçəyinə ilk yoluxma halının olduğu bildirilib. 22 yaşlı Azərbaycan vətəndaşı yanvarən əvvəllərində xarici ölkəyə turistik səfər edib və oradan döndükdən sonra onda meymunçiçəyi aşkarlanıb.