Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

“Polis COP29-a görə məni oğurlayıb 13 gün bölmədə saxladı, ailəm morqlarda axtardı”

“Polis COP29-a görə məni oğurlayıb 13 gün bölmədə saxladı, ailəm morqlarda axtardı”

Məni metrodan oğurlayıb 30-cu polis bölməsinə apardılar. İki həftə ərzində orada qeydiyyatsız, gizli saxladılar. Sonra da taksiyə mindirib evimə yola saldılar. İki həftə ərzində ailəm məni morqlarda, xəstəxanalarda axtarıb”.

58 yaşlı Bakı sakini Həsən Həsənov deyir ki, ötən il noyabrın 12-də günorta saatlarında “28 May“ metrostansiyasında mülki geyimli şəxslər onu saxlayaraq Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinə aparıblar.

Noyabrın 25-də azad edərək taksiylə evinə yola salıblar.

Dediyinə görə, səbəb ölkədə keçirilən COP 29 tədbiri olub:

“Mütəmadi olaraq sosial şəbəkələrdə, əsasən də “Tik-tok“da canlı yayım açıram, 2000-ci ildə istehsalat zədəsi aldığıma görə təzminatla bağlı çıxarılan məhkəmə qərarının 25 ildir ki, icra olunmamasından, 2010-cu ildə dərəcəmin əlimdən alınmasından, 2018-ci ildə Dövlət Neft Şirkətindən qanunsuz işdən çıxarılmağımdan danışıram, Prezidentə müraciətlər edirəm. Ona görə də sifariş ediblər ki, məni tutub aparıb COP 29 tədbiri başa çatanadək polisdə saxlasınlar. Bununla da səsimi kəssinlər, gələn qonaqların yanında biabır olmasınlar”.

Şikayətçinin sözlərinə görə, noyabrın 12-də polis bölməsində onu ilk qarşılayan rəis müavini olub:

“Mülki geyimli üç nəfər aparıb məni rəis müavininə təhvil verdilər, tapşırdılar ki, tədbir başa çatanadək burada qalsın. Müavindən saxlanmağımın səbəbini soruşanda dedi ki, yuxarıdan tapşırıq var, ağsaqqal, narahat olma, səni bir neçə gün burda qonaq saxlayıb, sağ-salamat evinə yola salacağıq. Dedim, axı bir adamı polisdə saxlamağın müddəti 48 saatdır, 48 saatdan sonra nə edəcəksiniz? Dedi, sən ürəyini sıxma, hər şey yaxşı olacaq. 48 saat da keçdi, heç bir inzibati qərar filan olmadı, elə qeydiyyatsız, qərarsız 13 gün orda saxladılar. Düzdür, heç bir təzyiq, kobud rəftar görmədim, ancaq məni axtarıb tapa bilməyən ailəm, yaxın qohumlarım çox narahatçılıq keçirib, məni morqlarda, xəstəxanalarda axtarıblar, şəkillərimi çoxaldıb küçələrdə itkin kimi divarlara yapışdırıblar. Bütün bunların nəticəsində onsuz da uzun illərdir ki, qan azlığından müalicə olunan həyat yoldaşım mən tapılandan sonra xəstəxanalıq olub”.

Nazilə Quliyeva Həsən Həsənovun həyat yoldaşıdır.

Danışır ki, həyat yoldaşı və özü işini itirəndən sonra neftçi kimi onlara verilmiş Çilov adasındakı evdən çıxarılıblar.

Binədə “Sovxoz” deyilən ərazidə kirayədə yaşamağa davam ediblər. Bir tərəfdən işsizlik, bir tərəfdən evsizlik, bir tərəfdən də xəstəlik həyatlarını çətinləşdirib:

“Mən uzun illərdir ki, müxtəlif xəstəliklərdən əziyyət çəkirəm. Həmin gün Həsən bir tanışıyla görüşüb 100 manat borc alacaqdı ki, növbəti gün məni həkimə aparsın. Axşam oldu, gecə keçdi, gəlib çıxmadı. Telefonu da söndürülmüşdü. Rayondakı yaxın qohumlardan soruşduq, gümanımız çatan hər kəsdən soruşduq, “gördüm” deyən olmadı. Daxili İşlər Nazirliyinin “102“ xidmətinə müraciət etdik, bizi öz ərazimiz üzrə 30-cu polis bölməsinə yönləndirdilər ki, müraciətimizi ora edək”.

Ailə üzvləri bölməyə müraciət ediblər, günlərlə gedib-gəlsələr də, xəbərləri olmayıb ki, Həsən Həsənov divarın o biri tayında saxlanılır:

“Sən demə, Həsəni elə orada bir otaqda saxlayırlarmış, bizə də deyirlər, gedin evə, arxayın olun, sağ-salamatdır, hardadırsa, tədbirlər başa çatandan sonra gələcək. Polis bölməsinin binasında kameralar var, araşdıra da bilərlər, hər gün ora getmişik, bölmənin qarşısında oturmuşuq, xəbər gözləmişik. Hətta bir polis işçisi bizə məsləhət də verib ki, Xoşqədəmin verilişinə çıxaq, divarlara şəkillərini yapışdıraq. Bizim də ağlımıza batdı, şəkillərini çoxaldıb divarlara yapışdırdıq, polis bölməsinə get-gəl edə-edə  morqları, xəstəxanaları axtardıq, Həsəni tapmadıq”.

Nazilə Quliyevanın sözlərinə görə, noyabrın 25-də axşam saatlarında həyat yoldaşı oğluna zəng vuraraq polis bölməsindən buraxıldığını, taksiyə mindirilərək evə yola salındığını və tezliklə evdə olacağını deyib. Az sonra isə evə gəlib.

Həsən Həsənov deyir, polis bölməsindən buraxılanda rəis müavini ona söz verib ki, baş verənləri ictimailəşdirməsə, problemlərini həll edəcəklər:

“Dedi ki, ağsaqqal, burada sənə pis baxmamışıq ki… Bizdən narazılığın yoxdur ki… Get evinə, heç yerə heç nə danışma, sənə kömək edəcəyik, problemlərin həll olunacaq. Gəldim evə, iki ay gözlədim, heç bir xəbər çıxmadı. Ona görə də qərara gəldim ki, başıma gələnləri ictimailəşdirim”.

Daxili İşlər Nazirliyindən Həsən Həsənovun dediklərinə münasibət öyrəmək mümkün olmayıb.

Editor

Related Posts