İmişlidə naməlum şəraitdə xəsarət aldığı deyilən şəxsin xəstəxanada öldüyü bildirilir, xəbəri APA yayıb.
Birinci24 informasiya agentliyinin məlumatına görə, ölən şəxs İmişli rayon Qaralar kənd sakini, 1979-cu il təvəllüdlü Cahangir Ələkbər oğlu Xudiyevdir.
Qeyd olunur ki, C. Xudiyev ötən gün axşam saatlarında yaşadığı evin qarşısında kəllə-beyin travması ilə aşkarlanaraq rayon xəstəxanasına yerləşdirilb. Bu gün səhər saatlarında isə xəstəxanada həyatını itirdiyi bildirilir.
Cahangir Xudiyevin hansı şəraitdə xəsarət aldığı barədə məlumat verilməyib.
Faktla bağlı hüquq-mühafizə orqanlarının araşdırma aparıldığı qeyd edilib.
Azadlıq Radiosu yanvarın 20-də İmişli sakinlərinə istinadla xəbər yaymışdı ki, ötən şənbə rayonda yol polisinin törətdiyi və iki azyaşlının ölümü ilə nəticələnən qəzadan sonra başlamış etirazlarda saxlanılan şəxslərə “ağlagəlməz işgəncələr” verilir, bəzilərinin vəziyyəti ağır olduğundan xəstəxanaya yerləşdiriblər.