“Numbeo” qlobal məlumat bazası ən çirkli ölkələrin reytinqini dərc edib.
“Çirklənmə indeksi – 2025” (“Pollution Index 2025”) adlı hesabatda Azərbaycan ekoloji baxımdan çirklənmiş ölkələr sırasında yer alıb.
Azərbaycan çirklənmə səviyyəsinə görə 113 ölkə arasında 82-ci sırada qərarlaşıb, çirklənmə indeksi isə 72,7-dir.
Reytinq hazırlanarkən, müxtəlif ölkələrin şəhərlərində hava və suyun, həmçinin işıq, səs-küyün çirklənməsi, tullantıların utilizasiyasının keyfiyyəti, yaşıllıq səviyyəsi, hətta həyatın rahatlığı da nəzərə alınır.
İndeks “Numbeo”nun keçirdiyi sorğuların nəticələri əsasında tərtib edilir. Məlumatların düzgünlüyünü təmin etmək məqsədilə potensial spamlar filtrləmə ilə müəyyən olunaraq kənarlaşdırılır.
Davamlı olaraq yenilənən cari indeks 36 aya qədər olan məlumatlardan istifadə edilərək hazırlanır.
Çirklənmə bölməsi üçün reytinq hazırlayarkən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və faydalı hesab etdikləri digər qurumların müvafiq məlumatlarından da istifadə olunur.
“Numbeo” qlobal məlumat bazası qiymətləndirmə zamanı ən yüksək xalı havanın çirklənmə indeksinə görə verir. Növbəti iki əsas faktor isə suyun çirklənməsi və əlçatanlıqdır. Digər çirklənmə növləri indeksdə daha kiçik xallar alıb.
Hesabatda qeyd olunur ki, 113 ölkənin yer aldığı siyahıya Finlandiya başçılıq edir və bu ölkədə çirklənmə səviyyəsi 100 ballıq şkalada cəmi 11,8-dir.
Sonuncu sırada olan Kamerunda isə çirklənmə səviyyəsi 93,7 olaraq qeyd olunub.
Dünyada çirklənmə səviyyəsinin ən az olduğu ilk onluqda Finlandiya, İslandiya, Estoniya, İsveç, Norveç, Danimarka, Avstriya, Niderland, Sloveniya, İsveçrə yer alıb.
Reytinq siyahısında Belarus 33-cü, Özbəkistan 42-ci, Rusiya 53-cü, Moldova 58-ci, Ukrayna 59-cu, Ermənistan 60-cı, Türkiyə 67-ci, Gürcüstan 72-ci yerdə qərarlaşıb.
Region ölkələrindən yalnız Qazaxıstan (86) və İran (91) Azərbaycandan sonra gəlir.
Ən çirkli 10 ölkə isə Nepal, Vyetnam, Əfqanıstan, Banqladeş, Qana, Monqolustan, Nigeriya, Liviya, Myanmar və Kamerun təyin olunub.
Azərbaycanda 2024-cü il noyabrın 11-dən 22-dək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası keçirilib.