Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, yanvarın 23-nə keçən gecə Rusiya qoşunları Ukrayna ərazisinə 92 dron, Zaporojyeyə 4 “İsgəndər-M” ballistik raketi atıb.
Qurum Ukraynanın 8 vilayətində 57 dronun vurulduğunu, daha 27-nin lokasiyadan itdiyini bilirib.
Raket zərbələri nəticəsində Zaporojyedəki şəxsi evlərə və yaşayış binalarına, müəssisə və idarələrə ciddi ziyan dəyib. Son məlumatlara görə, 1 nəfər ölüb, 40-a yaxın insan yaralanıb.
Bunun ardınca Ukrayna prezidenti Vladimir Zelenski Rusiyaya təzyiqi artırmağa çağırıb.
“Təkrar zərbələr zamanı əvvəlki zərbələrin nəticələrini aradan qaldıran xilasedicilərimiz yaralanıb. Bütün müvafiq xidmətlər hadisə yerindədir. Onlar insanlara mümkün qədər kömək etmək üçün əlllərindən gələni edirlər” – Zelenski özünün “Teleqram”-kanalında belə yazıb.
O vurğulayıb ki, Rusiyanın Ukraynaya qarşı gündəlik terroru Moskvaya getdikcə daha böyük təzyiqlər göstərilməsini vacib edir.
“Rusiyaya qarşı daha çox sanksiyalara, şəhərlərimizi və icmalarımızı qorumaq üçün daha çox HHM sistemlərinə və cəbhə xəttindəki əsgərlərimiz üçün silahlara ehtiyacımız var. Ukraynaya dəstək insanların həyatını xilas edir və bunu təxirə salmaq olmaz”-deyə, Ukrayna prezidenti əlavə edib.