Yanvarın 22-də Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə ilə İran Xarici İşlər Nazirliyinin Avrasiya İdarəsinin baş direktoru Muctəba Dəmirçi arasında görüş olub.
İranın MEHR agentliyi xəbər verir ki, Dəmirçi səfirlə “bəzi dairələrin Azərbaycanda təhsil alan bir sıra iranlı tələbələrə qarşı mənfi hərəkətlərini” müzakirə edib.
O, bunu iki xalq arasında münasibətlər üçün zərərli addım adlandırıb, İran tərəfinin etirazını çatdırmaqla yanaşı, bu cür hərəkətlərin təşəbbüsçülərini cəzalandırmağa çağırıb.
Dəmirçi din xadimlərinin ünvanına “istənilən təhqirə qarşı qətiyyətlə mübarizə aparmağın” vacibliyini də vurğulayıb.
Bugünlərdə Bakıda Tibb Universitetində təhsil alan ona yaxın iranlı tələbə ölkədən çıxarılıb. Bəzi KİV-lər onların “əxlaqsızlıq etdiyini” yazıb.