İranın xarici işlər naziri Abbas Əraqçi “Sky News” telekanalına müsahibəsində İsrail və ABŞ-ı təhdid edib; deyib ki, onlar İranın nüvə obyektlərinə hücum etsələr, nəticəsi çox ağır olacaq.
“Əgər belə bir ağılsız addım atsalar, hücum etmək qərarına gəlsələr, bu, Yaxın Şərqdə çox ciddi fəlakətə gətirib çıxaracaq” deyə, nazir əlavə edib.
Əraqçi Qəzza və Livanda müharibə başlayandan bu yana Tehranın Yaxın Şərqdəki müttəfiqlərinə dəymiş ziyan barədə də danışıb, deyib ki, onlar bərpa olunurlar.
Nüvə proqramı barədə isə nazir bunları deyib: “Biz yeni nüvə sazişi üçün ABŞ-la danışıqlara başlamaq üçün çox səy göstərməliyik”.
Amma Əraqçi ABŞ prezidenti Donald Trampın fələstinliləri Qəzza zolağından çıxarmaq planını kəskin tənqid edib, təklif edib ki, “israilliləri Qrenlandiyaya köçürsünlər”. İsraillilərin öz torpaqlarında yaşamaq hüququ barədə heç nə deməyən nazir bildirib ki, yəhudilərin Fələstin torpaqlarını işğal etmək hüququ yoxdur və fələstinlilər öz talelərini özləri həll etməlidirlər.
Bu barədə HƏMAS-ın sözçüsü Sami Əbu Zəxari də danışıb.
Qəzza zolağının idarə edilməsində mütləq HƏMAS-ın da iştirak edəcəyini vurğulayan Zəxari deyib ki, qərarı fələstinlilər verəcəklər.
“Netanyahunun döyüşlərin bərpası haqda dedikləri yerli istehlak üçündür və boş söhbətdir” deyə, o əlavə edib.