“İnternet başqa ölkələrdə su qiymətinədir. Bizdə niyə bu qədər bahadır? Bizdə internet benzin qiymətinə qalxıb”.
Müğənni Tünzalə Ağayeva sosial media paylaşımında internetin bahalaşması ilə bağlı fikirlərini belə ifadə edib.
O, başqa ölkələrdə internetin su qiymətinə olduğunu, Ərəb Əmirliklərində küçədə də internetdən şifrəsiz istifadənin mümkün olduğunu qeyd edib.
“Ölkəmizdə hər şey ən yeni, müasirdir. Amma gülməlidir ki, adi yerlərdə, məsələn, metroda internet tutmur. Necə ola bilər?”, müğənni əlavə edib.
Azərbaycanda ötən ilin avqustunda internet provayderləri tarifləri artırıb. Bundan sonra sürəti 40 mbit/s və aylıq xidmət haqqı 18 manat olan cari minimum tarifli fiber optik internet xidmətlərinin 100 mbit/s-lik sürət və aylıq xidmət haqqı 25 manat olan tariflə əvəzlənib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda ölkədə 1.6 milyon internet abunəçisi var.
Qiymət artımından sonra bir çox abunəçilər internetin sürətindən şikayətlənirlər, onlar qiymətin keyfiyyətə uyğun olmadığını bildirirlər.
Həmin vaxt Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz demişdi ki, görünür, provayderlər, o cümlədən dövlət provayderləri bir anda varlanmaq xətti götürüblər: “Baxırlar, hamı ölkədə qiymətləri qaldırır, düşünüblər ki, onlar niyə etməməlidirlər”.