Bu gün Xətai rayon Məhkəməsinin qərarı ilə jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) həbs edilib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, onun barəsində 3 ay 15 gün müddətində həbs-qətimkan tədbiri seçilib.
Vəkil Bəxtiyar Hacıyevin verdiyi məlumata görə, hazırkı iş “Toplum TV işi” üzrə cinayət işindən yanvarın 21-də ayrı icraata ayrılıb.
“Şahnaz Bəylərqızına qarşı həmin icraatda nəzərdə tutulan Cinayət Məcəlləsinin 162-1.1-ci (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2-ci (…xeyli miqdarda törədildikdə), 206.4-cü (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1-ci (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittihamlar irəli sürülüb”.
Jurnalist özünü təqsirli bilmir və həbsdə saxlanılması üçün heç bir əsas olmadığını deyir. Bildirir ki, həbsi jurnalist fəaliyyəti ilə bağlıdır.
“Toplum TV”də aparıcı və redaktor işləmiş jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) dünən günorta saatlarında “Toplum TV” işi üzrə şübhəli şəxs qismində saxlanılıb. Yaxınlarının bildirdiyinə görə, onun mənzilində axtarış aparılıb, evdən elektron əşyalar götürülüb.