İcarədar “Rus ev“inin yerləşdiyi binanın satıldığını əsas gətirərək təcili köçməyimizi tələb edir – Primakov

İcarədar “Rus ev“inin yerləşdiyi binanın satıldığını əsas gətirərək təcili köçməyimizi tələb edir – Primakov

Azərbaycan hakimiyyəti “Rossotrudniçestvo” nümayəndəliyinin Bakıdakı “Rus Evi”nin bağlanmasını tələb edir.

Birinci24 informasiya agentliyi xəbər verir ki, qurumun rəhbəri Yevgeni Primakov xəbəri təsdiqləyib. Onun sözlərinə görə, bu, nümayəndəliyin hüquqi qeydiyyatının olmaması ilə bağlıdır.

“Rusiyanın Azərbaycandakı səfirliyi, nümayəndəliyimiz və Xarici İşlər Nazirliyimiz bu illər ərzində Azərbaycanın Ədliyyə Nazirliyinə və Xarici İşlər Nazirliyinə qeydiyyata köməklik göstərilməsi xahişi ilə dəfələrlə müraciət edib. Biz hər zaman buna hazır idik, lakin zənglərimiz cavabsız qaldı”, Primakov “Rossiya 24” telekanalının efirində deyib.

“Rossotrudniçestvo”nun rəhbəri qeyd edib ki, ev sahibi yaxın vaxtlarda əmlakı satmaq niyyətindədir:

“İş ondadır ki, hazırda hazırki qalmaqal fonunda bir müddət əvvəl icarəyə götürdüyümüz binanın sahibi oranı təcili satdığını və köçməyimizi xahiş etdiyini bildirdi. Binanı tərk etməli olduğumuz vaxt yaxınlaşır, hardasa yaxın ay yarım sonra gələcək”.

Bakıdakı Rus Evi 1997-ci il iyulun 3-də Rusiya ilə Azərbaycan arasında hökumətlərarası saziş əsasında yaradılıb. Qurumun nizamnamısində qeyd olunub ki, əsas iş istiqamətləri rus mədəniyyətinin, elminin və təhsilinin təbliği, rus dilinin mövqeyinin möhkəmləndirilməsi, həmvətənlərin dəstəklənməsi, gənclərin layihələri, beynəlxalq inkişafın təşviqi, tarixi və xatirə fəaliyyətidir.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova brifinq zamanı “Rus Evi” ətrafında yayılan informasiyalar haqda deyib ki, Moskva “feykləri” dərc edən KİV-lərin təkzib verməsini gözləyir.

“Rus evi”nin ünvanına ittihamları “absurd” adlandıran M. Zaxarova bildirib ki, bütün bunlar Rusiya və Azərbaycan münasibətləri səviyyəsinə və hər zaman haqqında danışılan potensiala uyğun deyil.

“Söhbətlər və bir növ “şpionomaniya” başlayan kimi hər kəsə eyni sualı vermək lazımdır: Siz xüsusi xidmət orqanlarının fəaliyyəti haqqında ciddi danışmaq istəyirsiniz? Yoxsa bu mövzudan ucuz “feyklər” üçün istifadə etmək istəyirsiniz? Əgər ciddidirsə, bu mövzuya başlayanlar onların xüsusi xidmət orqanlarının harada və necə işlədikləri barədə danışa bilərlər”, Zaxarova deyib.

Dünən rəsmi xəbər agentlikləri Azərbaycan “Rossotrudniçestvo” agentliyinin ölkə ərazisində fəaliyyətinin dayandırılması üçün diplomatik kanallar vasitəsilə Rusiyaya rəsmi bildiriş göndərdiyini dərc ediblər.

Yanvarın 24-də hakimiyyətyönlü “Baku TV” telekanalı Bakıda yerləşən “Rus Evi” mədəniyyət mərkəzilə bağlı reportaj yayımlayıb.

“Rus Evi, yoxsa daha çox rus kəşfiyyatı evi” adlı süjetdə bu qurumun fəaliyyətilə bağlı bir sıra iddialar səsləndirilib.

Buna cavab olaraq qurum kanalı yalan və böhtana görə məhkəməyə verəcəyini bəyan edib.

Bir neçə gün sonra Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Xarici işlər nazirinin müavini Mixail Qaluzin Mustafayevə bildirib ki, son vaxtlar Azərbaycan mətbuatında Rusiya əleyhinə ardıcıl yazılar, eləcə də “Rus Evi”nə qarşı dezinformasiya kampaniyası onu təəccübləndirir.

Editor

Related Posts