Müsavat Partiyası bu gün keçirilən Divan (İdarə Heyəti) iclasında hakimiyyətdən siyasi motivlərlə həbs edilən bütün şəxslərin azad olunmasını, ölkədə repressiyalara son qoyulmasını tələb edib.
İclasda bildirilib ki, ölkədə artıq 20-dən çox jurnalist saxta ittihamlarla həbs edilib:
“Müsavat Partiyasının Divanı Arqument.az saytının baş redaktoru, Müsavat Partiyasının üzvü Şəmşad Ağanın və “Toplum TV”nin jurnalisti Şahnaz Bəylərqızının həbsini Azərbaycanda repressiyaların davamı kimi qiymətləndirir”.
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında təxminən 30 jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
Beləliklə Azərbaycan dünyada ən çox jurnalistin həbs edildiyi ölkələr sırasında ilk onluqdadır.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbus var.
Hakimiyyət isə, bir qayda olaraq, bildirir ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.