Türkiyənin Konya şəhərindəki Səlcuq Universitetinin Səhiyyə Elmləri Fakültəsinə silahlı hücum olub.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “Haberler.com” portalı məlumat yayıb.
Məlumata görə, Səlcuq Universiteti Səhiyyə Elmləri Fakültəsinin dekan müavini Müjdat Yeşildal eyni fakültədən məzun olduğu deyilən Bestami Serdar E. tərəfindən tapança ilə vurulub. Bestami Serdar E. daha sonra eyni silahla intihara cəhd edib.
Hadisə zamanı xəsarət alan dekan müavini və tələbə xəstəxanaya aparılıb.
Hadisə bu gün saat 15:00 radələrində (Bakı vaxtı ilə 16:00 radələrində) baş verib.
Xəbərdarlıqdan sonra fakültəyə çoxlu sayda polis və təcili yardım qrupları cəlb edilib.
Xəsarət alan dekan müavini və şübhəli təcili yardım qrupları tərəfindən ilk tibbi yardımdan sonra xəstəxanaya aparılıb.
Yaralıların ölüm təhlükəsinin olduğu bildirilib.



