Respublika Perinatal Mərkəzdə ötən ilin yanvarında 7 körpənin ölümüylə nəticələnən yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin keçirdiyi yoxlama başa çatıb.
Qurum Mərkəzin yerləşdiyi ərazi üzrə Xətai rayon Məhkəməsinə İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) pozulması ilə bağlı akt təqdim edib. Bu iş məhkəmənin hakimi Rəfail Sadıxovun icraatına verilib. Hakim Perinatal Mərkəzə 350 manat məbləğində cərimə kəsib.
Ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzin anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Hadisəyə görə Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Hər üç şəxs barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmələri davam edir. Mehriban Abasquliyevanın müavini olmuş, hazırda Mərkəzə rəhbərlik edən Dilarə Şirinova ibtidai istintaqa onun əleyhinə ifadə verib. Ötən həftəki məhkəmə iclasında hakim Mərkəzin keçmiş direktoru Abbasquluyevaya ifadə verməyi təklif etsə də, o, ifadə verməyib.
Buna görə də ibtidai istintaqa verdiyi ifadəsi elan olunub.