Bakı Apellyasiya Məhkəməsində 2 il əvvəl deputat Fazil Mustafaya odlu silahla sui-qəsddə təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən cəzalandırılmış şəxslərin şikayətinə baxılıb.
Birinci24 informasiya agentliyi xəbər verir ki, fevralın 17-də baş tutan prosesdə məhkəmə şikayəti təmin etməyib.
Fazil Mustafaya qarşı silahlı hücum 2023-cü il martın 28-də saat 21:51-də onun yaşadığı evin qarşısında – Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında baş verib. O, bud və çiyin nahiyəsindən xəsarət alıb.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Səricanov ömürlük, Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.
Təqsirləndirilən şəxslər ifadələrində bildiriblər ki, Fazil Mustafanı dini mövzuda səsləndirdiyi fikirə görə cəzalandırmaq qərarına gəliblər. Lakin onu öldürmək istəməyiblər. Bu səbəbdən də atəş onun həyati əhəmiyyətli orqanlarına yox, çiyin və bud nahiyəsinə açılıb.