Fevralın 18-də Bakı Apellyasiya Məhkəməsində Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin apellyasiya şikayəti üzrə məhkəməyə hazırlıq iclası keçirilib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu iş hakim İbrahim İbrahimlinin icraatındadır.
General Nizami Məmmədov onun tərəfindən dövlətə dəymiş ziyanın yarıdan çoxunun ödənilməsini əsas gətirərək cəzasının yüngülləşdirilməsini istəyir.
Digər ərizəçilər də oxşar əsaslarla cəzalarının azaldılmasını istəyirlər.
Hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, onlara hüquqları izah edilib.
Vüsal Əlizadə məhkəməyə bildirib ki, öz hesabına tutduğu vəkildən imtina edir. Məhkəmə də ona dövlət hesabına vəkil Fikrət İbrahimovu təyin edib. Cəlal Kazımovsa məhkəmə tərəfindən təqdim olunan dövlət hesabına vəkildən imtina edib. Hakim ona izah edib ki, xüsusilə ağır cinayətlərdə ittiham olunan şəxsin vəkillə təmin olunması məcburidir.
Vüsal Əlizadənin vəkilivəsatət qaldırıb ki, apellyasiya şikayəti üzrə iclaslar qismən məhkəmə istintaqı ilə keçirilsin. Eyni vəsatəti Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə də irəli sürüb. Vəkil qeyd edib ki, Bakı Hərbi Məhkəməsində ziyanın ödənilməsi üçün üzərinə həbs qoyulan əmlakların üzərindən həbsin götürülməsi, həmin əmlakların satılması, əldə olunan məbləğin ziyanın ödənilməsinə yönəldilməsi barədə vəsatət versələr də, təmin olunmayıb.
Hakim heyəti apellyasiya şikayəti üzrə iclasların qismən istintaqda keçirilməsi vəsatətinə baxaraq təmin etməyib. Baxış iclası martın 10-na təyin olunub.
Ötən ilin sonlarında Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Məmmədov və Bayram Bayramovun hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə isə 10 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər.
İbtidai istintaq və məhkəmə dövründə dövlətə dəymiş ziyanın ödənilməsi üçün Nizami Məmmədov 12 milyon 415 min 194 manat, Vüsal Əlizadə 325 min, Cəlal Kazımov isə 186 min manat ödəniş ediblər. Həmin məbləğlərin dövlət büdcəsinə ödənilməsi üçün qərar qəbul edilib.
Eyni zamanda, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlaklar dövlətə dəymiş ziyanın ödənilməsinə yönləndirilməsi məqsədilə dövlət nəfinə keçirilməsi üçün müsadirə olunub.
Nizami Məmmədov, Cəlal Kazımov, Bayram Bayramov, Vüsal Əlizadə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
İş üzrə digər təqsirləndirilən şəxslərlə birlikdə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Təqsirləndirilən şəxslərin ümumi sayı 10-dan yuxarıdır. Onların barəsində olan cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.