Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Vəkil: “Formula-1”in bütün vəzifəliləri dindirilməlidir”

Vəkil: “Formula-1”in bütün vəzifəliləri dindirilməlidir”

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin keçmiş rəisi Çingiz Mehdiyevin məhkəməsi davam edir. 

Birinci24 informasiya agentliyi  xəbər verir ki, o, Bakıda keçirilən Formula-1 yarışlarına büdcədən ayrılmış vəsaitdən 400 min manat mənimsəməkdə ittiham olunur. 

Məhkəmə prosesinə hakim Leyla Əsgərova-Məmmədova sədrlik edir. 

1 ilə yaxındır davam edən məhkəmə istintaqı yekunlaşıb. 

Bu barədə fevralın 24-də keçirilən məhkəmə iclasında hakim bildirib. 

Məhkəmə iclası başlayan kimi Çingiz Mehdiyevin vəkili məhkəmənin nəzərinə çatdırıb ki, hələ məhkəmənin görmədiyi işlər var. Məsələn, zərərçəkmiş qismində tanınan Bakı Şəhər Halqası Əməliyyat şirkətinin nümayəndələri dindirilməyib. Həmin şirkətdə aparılan audit yoxlaması ilə bağlı sənədlər məhkəməyə təqdim olunmayıb.. Bu səbəbdən də məhkəmənin yekunlaşdırılmasını tələsik addım hesab edir. “Zərərçəkmiş kimi tanınan “Formula 1”-də işləyən vəzifəli şəxslərin hamısının ifadələri alınmayıb. Həmin şirkətin əməkdaşları, xüsusən də sərəncam verən şəxslər dindirilmədi. İbtidai istintaqda hazırlanmış ittiham aktında leqallaşdırma maddəsi qoyulub. Çingizin qardaşının Gürcüstanda olan bank hesabına pul köçürülməsi leqallaşdırma hesab olunub. Ekspertizaya aid rəy mütəxəssis rəyi sayıla bilməz. Çünki gömrük bəyannaməsinin rəqəmləri ilə bağlı sadə məsələlərdə səhvlərə yol verilib. Həmin mütəxəssisin məhkəməyə dəvət olunub dindirilməsini xahiş edirik”, – vəkil sözünü belə yekunlaşdırıb. 

Çingiz Mehdiyevsə əlavə edib ki, bütün dünyada yarışlar üzrə ən ucuz qiymət Azərbaycandadır: “Mütəxəssis tam əksini iddia etsə də, dünya üzrə ən ucuz qiymət bizdədir. Haradan istəyirsinizsə, gedib yoxlayın”.

Hakim təqsirləndirilən şəxsə təklif edib ki, bununla bağlı sənədi varsa, məhkəməyə sübut kimi təqdim etsin. Vəkilsə bu işdə rəyi alınan mütəxəssisin və ekspertin dindirilməsini istəyib. 

Məhkəmə audit yoxlaması ilə bağlı sənədin təqdim edilməsi haqqında vəsatəti baxılmamış saxlayıb. Digər vəsatətlər təmin edilməyib.

Vəsatətlərə baxıldıqdan sonra hakim məhkəmə istintaqının yekunlaşdığını elan edib. 

Çingiz Mehdiyevin vəkillərisə işin düzgün araşdırılmadığını, buna görə də məhkəmə tərkibinə etiraz edəcəklərini bildiriblər.

Növbəti proses martın 3-nə təyin edilib.

İbtidai istintaq materiallarında qeyd olunub ki, Çingiz Mehdiyev Formula 1 yarışları ərəfəsində marşallar üçün geyim, ləvazimat, yağçəkən parçalar və digər əşyaları sifariş verərkən malların qiymətini süni şəkildə artırıb. Həmçinin dövlət büdcəsindən ayrılmış pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb. Qiymət şişirtməsi nəticəsində əldə edilmiş pullar isə qəsdən mənimsənilib. 

Başqa epizoda görə, Çingiz Mehdiyev ona etibar edilmiş külli miqdarda vəsaiti talamaq niyyəti ilə ofşor zonada – Seyşel adalarında cinayətdən xəbərsiz anasının adına yaratdığı şirkəti Formula 1 yarışlarının keçirilməsi üçün ixtisaslaşmış təşkilat kimi təqdim edərək müqavilə bağlatdırıb. İstintaq orqanı Çingiz Mehdiyevin ümumilikdə 397 min 852  manat dövlət vəsaitini mənimsədiyini iddia edir. Bundan əlavə o, əldə etdiyi pulların həqiqi mənbəyini gizlətmək məqsədilə külli miqdarda pul vəsaitlərini xarici banklara köçürərək leqallaşdırmaqda təqsirləndirilir. İstintaq dövründə Ç.Mehdiyev mənimsədiyi məbləğin 100 min manatını dövlət büdcəsinə geri ödədiyi də qeyd olunur. İstintaq vaxtı Çingiz Mehdiyevin Bakıdakı əmlakları (üzərinə həbs qoyulub. Həmin əmlakların ümumi dəyərinin 1 milyon manat civarında olduğu bildirilir. O, dəymiş zərərdən 100 min manat dövlətə ödəyib. 

Məhkəmədə ifadə verən Çingiz Mehdiyev bildirib ki, onu Bakı Şəhər Halqası Əməliyyat şirkətinə həmin vaxtlar şirkətin icraçı direktoru olmuş Arif Rəhimov götürüb. İbtisai istintaq zamanı müstəntiq onu da dindirib. O, Çingiz Mehdiyevin əməllərindən xəbərsiz olduğunu bildirib.

Editor

Related Posts