BMT Baş Assambleyası Rusiya-Ukrayna müharibəsi ilə bağlı iki qətnamə qəbul edib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə BMT-nin sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Baş Assambleya əvvəlcə Aİ ölkələri və Ukraynanın hazırladığı qətnaməni qəbul edib. “Ukraynada hərtərəfli, ədalətli və davamlı sülhün təşviq edilməsi” adlı sənəd gərginliyin azaldılmasına, hərbi əməliyyatların tezliklə dayandırılmasına və müharibənin sülh yolu ilə həllinə çağırır.
Qətnamənin lehinə 93 ölkə, əleyhinə 18 ölkə səs verib, əleyhinə səs verənlər arasında ABŞ, Rusiya və Macarıstan da var. Çin səsvermədə bitərəf qalıb.
Baş Assambleya daha sonra ABŞ-nin hazırladığı “Sülhə gedən yol” qətnaməsini qəbul edib. ABŞ-nin qətnaməsinə Avropa ölkələri tərəfindən düzəlişlər edilib, xüsusən də “Rusiya Federasiyası ilə Ukrayna arasında münaqişə” sözləri Rusiyanın “tammiqyaslı işğalı” sözləri ilə əvəz edilib.
Qətnamə layihəsinin lehinə 92 ölkə, Rusiya da daxil olmaqla 8 ölkə əleyhinə səs verib, ABŞ da daxil olmaqla 73 ölkə bitərəf qalıb.
BMT Baş Assambleyası Rusiya Federasiyasının ABŞ-nin hazırladığı qətnaməyə düzəlişini dəstəkləməyib. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Rusiya “Ukrayna böhranının əsas səbəblərini aradan qaldırmağın zəruriliyi haqqında” sənədə düzəlişlər edib.
“Washington Post”un məlumatına görə, ABŞ-nin qətnamə layihəsi dörd sətirdən ibarət idi: orada insan itkisi ilə bağlı “kədər”dən bəhs edilir, BMT-nin “əsas məqsədinin” sülhü qorumaq və mübahisələri həll etmək olduğu qeyd edilir, “münaqişəyə son qoyulması” və “Ukrayna ilə Rusiya arasında davamlı sülhün” bərqərar edilməsi çağırışı edilir. “Financial Times” qəzeti qeyd edib ki, ABŞ nümayəndələri öz qətnamələrində Ukraynanın hərəkətlərini Rusiyanın hərəkətləri ilə eyniləşdiriblər.