Çeçenistan rəhbəri Ramzan Kadırov Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğrayan AZAL sərnişin təyyarəsinin bələdçilərinə mükafat təqdim etmək fikrindədir.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Kadırov özünün teleqram kanalında məlumat verib.
Kadırov qeyd edib ki, hadisə zamanı bələdçilər Zülfüqar Əsədov və Aydan Rəhimli müstəsna cəsarət və yüksək peşəkarlıq nümayiş etdiriblər:
“Ötən ilin dekabrında Bakı-Qroznı reysi zamanı qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer E190” tipli sərnişin təyyarəsinin sağ qalan ekipaj üzvlərini mükafatlandırmaq qərarına gəldim. Fövqəladə cəsarət və yüksək peşəkarlıq nümayiş etdirən stüardessalar Zülfüqar Əsədov və Aydan Rəhimli təyyarə qəzası qurbanlarının xatirəsinə “Respublika Xidməti” mükafatına layiq görüləcəklər”.
Dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb.
Azərbaycan rəsmiləri qəzaya görə Rusiyanın məsuliyyət daşıdığını bildiriblər. Buna görə, Azərbaycan Rusiyadan qəzaya görə günahkarların cəzalandırılmasını və kompensasiya tələb edir.
Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığında qəzanın bu ölkənin səmasında baş verməsinə görə üzrxahlıq etsə də, baş verənlərə görə ölkəsinin məsuliyyət daşıdığını etiraf etməyib.
Rusiya mənbələrinin məlumatına görə, Çeçenistan ərazisi üzərində uçuş zamanı Rusiya hava hücumundan müdafiə qüvvələri Ukrayna PUA-larını vurmağa cəhd edib. Belə ki, Çeçenistan Respublikasının Təhlükəsizlik Şurasının rəhbəri, Ramzan kadırovun qardaşı oğlu Həmzət Kadırov dekabrın 25-i səhər Qroznıda pilotsuz təyyarə hücumu faktını təsdiqləyərək, itki və dağıntıların olmadığını qeyd edib. Bu halda Rusiya tərəfi öz hava məkanını mülki təyyarələr üçün bağlamaq məcburiyyətində qalıb.