Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılır.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu məsələ Milli Məclisin fevralın 28-də keçirilən iclasında müzakirəyə çıxarılan “Konstitusiya Məhkəməsi haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olması yaş həddinin 70-dən 75-ə qaldırılması təklif edilir. Həmçinin, Konstitusiya Məhkəməsinin 75 yaşına çatmış hakimi bu qurumun yeni hakimi təyin olunanadək, lakin 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edəcək.
Layihə müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Müzakirələr zamanı hətta təklif səslənib ki, hakimlər Azərbaycanda ömürlük təyin olunsunlar.
Bu təklifə əsas kimi Azərbaycanda icra başçılarına, digər hakimiyyətdəki şəxslərə yaş məhdudiyyətinin şamil olunmaması göstərilib. Təklifə görə, ya yaş həddi hakimlərdə ömürlük olmalı, ya da bütün hakimlərdə 75-ə qaldırılmalıdır.
Hazırda Azərbaycanda 628 hakim var.
Azərbaycanda dövlət qulluğunda qalmaqla bağlı yaş həddi 65-dir.