Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Mühafizə xidməti sahəsində “tender çempionu” olan şirkət DTX sədrinin oğluna aiddir

Mühafizə xidməti sahəsində “tender çempionu” olan şirkət DTX sədrinin oğluna aiddir

Azərbaycanda dövlət qurumları tərəfindən keçirilən mühafizə xidməti tenderlərini ən çox qazanan şirkət “Gesco” Açıq Səhmdar Cəmiyyətidir. 

Dövlət satınalmalarının vahid internet portalındakı məlumatlara əsasən, şirkət son 5 il ərzində 70 milyon manata yaxın vəsaitli tenderlərin qalibi elan olunub. 

20 ildir fəaliyyət göstərən şirkət kimindir və necə olub ki, məhz son 5 ildə milyonlarla vəsaitin ayrıldığı onlarla tender müsabiqələrinin qalibi seçilib?

Şirkət haqqında nələr məlumdur?

26 may 2005-ci il tarixində təsis edilən “Gesco” ASC fiziki mühafizənin təmin edilməsi prinsipləri əsasında müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən mühafizə şirkətidir. Dəfələrlə dövlət qurumlarının təşkil etdiyi tədbirlər, konfranslar və s. yığıncaqlar, müəssisə və təşkilatların məkanları üçün mühafizə xidməti göstərib.

Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, 4 min manat nizamnamə kapitalı olan şirkətin hazırki qanuni təmsilçisi Murad Fərrux oğlu Camalzadədir. 

Murad Camalzadə 8 il müddətində Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, ən son vəzifəsi isə İnsan resursları şöbəsinin müdir müavini olub. 

Şirkətin hazırda 4 minə yaxın heyəti var və 500-dən çox layihədə mühafizə xidməti təşkil edir.

Bəs şirkətin əsl sahibi kimdir?

Şirkətin tarixçəsinə nəzər yetirdikdə açıldığı müddətdə qanuni təmsilçi kimi göstərilən şəxs Orxan Vahid oğlu Nağıyevdir. Orxan Nağıyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevin ailə biznesini idarə edir və onun qohumu olduğu deyilir.

Şirkətin saytında isə təsisçisi və rəhbəri olaraq 37 yaşlı İlham Nağıyev qeyd olunub. O, DTX sədri Əli Nağıyevin oğludur. Məlumatlara nəzər yetirdikdə İlham Nağıyevin 18 yaşı tamam olan zaman şirkəti təsis etdiyi görünür.

Rəsmi tədbirlərdə İlham Nağıyevi “iqtisadçı və sahibkar” kimi təqdim edirlər. O, “Binə Aqro” QSC-nin həmtəsisçisi və Müşahidə Şurasının sədri, “Baku United FC” futbol klubunun prezidenti və “Odlar Yurdu” Təşkilatının təsisçisidir.

İlham Nağıyev 2013-cü ildən 2016-cı ilədək Azərbaycan Respublikası Təhsil Nazirliyinin kadrlar şöbəsinin müdir müavini, daha sonra müdiri vəzifələrində çalışıb.

O, Təhsil Nazirliyində işlədiyi müddətdə müəllimlərin işə qəbulunun elektron qeydiyyatı sisteminin İT konseptini hazırlayıb və sistemin qurulmasında bilavasitə iştirak edib.

Həmçinin “Gesco” ASC şirkəti Əli Nağıyev o zamanki Milli Təhlükəsizlik nazirinin müavini təyin olunduqdan sonra fəaliyyətə başlayıb. 2019-cu ildən sonra isə şirkətin yüksəliş dövrüdür ki, bu da Əli Nağıyevin DTX rəisi təyin olunması dövrünə təsadüf edir. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi həmin ildən sonra müxtəlif tenderlərin qalibi elan olunaraq, mühafizə sektoru sahəsində “tender çempionu” adını qazanıb.

Oğlu mühafizə şirkətinin rəhbəri olan Əli Nağıyev uzun müddət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində rəis müavini vəzifəsində çalışıb.

Elə həmin dövrlərdə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) əməkdaşları Nağıyevlər ailəsinin Azərbaycan, Çexiya, Böyük Britaniya və Türkiyədəki bizneslərini, daşınmaz əmlaklarını ortaya çıxarmışdı.

Azərbaycan qanunvericiliyinə görə…

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bildirir ki, dövlət qulluqçusunun maddi faydaları öz qohumuna yönəltməsi ilə bağlı göstərişlərin (əmrlərin) verilməsi və təsdiqlənməsi maraqların toqquşmasına səbəb olur.

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində göstərilir ki, dövlət qulluqçusu qulluq etdiyi dövrdə qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.

“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9-cu maddəsinin 9.3.3-cü maddəsində qeyd olunur ki, vəzifəli şəxsin elmi, pedoqoji, yaradıcılıq fəaliyyəti istisna olmaqla, bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olması korrupsiyaya şərait yaradan hüquqpozma sayılır.

Editor

Related Posts