ABŞ həqiqətən də Ukraynaya hərbi yardımı dayandırmaq qərarına gəlibsə, bu, Kiyev rejimini sülh prosesində iştirak etməyə məcbur edə bilər.
Birinci24 informasiya agentliyi xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırması xəbərinə münasibət bildirərkən belə deyib.
“Şübhəsiz ki, biz hələ təfərrüatları aydınlaşdırmalıyıq, lakin bu doğrudursa, bu, həqiqətən də Kiyev rejimini sülh prosesinə sövq edə biləcək qərardır”, – Peskov qeyd edib.
Martın 3-də Reuters agentliyi Ağ Ev rəsmisinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Kiyevə bütün hərbi yardımı dayandırmaq barədə göstəriş verib.
Sərəncam martın 4-də qüvvəyə minib. Pentaqon rəsmisi TASS-a bildirib ki, ABŞ Silahlı Qüvvələri Ukraynaya hərbi yardımın nəqlini dayandırıb. Onun sözlərinə görə, bu addım ABŞ-nin hələ Ukraynaya çatmamış bütün hərbi texnikasına, o cümlədən təyyarə və gəmilərlə daşınan və ya Polşadakı tranzit zonalardan göndərilməsini gözləyən silahlara aiddir.
Tramp bu qərarı Ağ Evdə Zelenski ilə görüşdən üç gün sonra verib. Fevralın 28-də Oval kabinetdə Zelenski ilə Tramp və vitse-prezident Ceyms Devid Vens jurnalistlərin qarşısında qızğın mübahisə ediblər.
Bundan sonra Zelenski ABŞ ilə Ukraynanın nadir torpaq elementlərinə dair razılaşmanı imzalamadan Ağ evi tərk edib. Bundan sonra ABŞ rəsmiləri Zelenskini üzr istəməyə çağırıblar.