İranın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Türkiyə XİN-in sözçüsü Öncü Keçeli məlumat verib.
Keçeli görüşdə ikitərəfli məsələlərin müzakirə edildiyini və bəzi İran rəsmilərinin Türkiyəyə qarşı iddialarının gündəmə gətirildiyini bildirib.
İran rəsmilərinin son vaxtlar Türkiyəni açıq şəkildə tənqid etdiklərini qeyd edən Keçeli, nazirliyin bu məsələ ilə bağlı hazırladığı sənədi İran tərəfinə göndərdiklərini bildirib.
“Hesab edirik ki, xarici siyasət məsələləri heç bir halda daxili siyasət üçün material kimi istifadə edilməməlidir.”, – Türkiyə XİN sözçüsü əlavə edib.
Qeyd edək ki, bundan əvvəl Türkiyə xarici işlər naziri Hakan Fidan İranı Suriyada qeyri-sabitlik yaratmaq və PKK/YPG-yə dəstək vermək cəhdlərindən imtina etməyə çağırıb. Bu açıqlamadan sonra Türkiyənin İrandaki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.