Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Kəngərlidə abituriyentlərin 77 faizi tələbə adını qazanıb

2021-2022-ci tədris ilində buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinə görə Kəngərli rayon ümumtəhsil məktəblərinin məzunlarından 107-si tələbə adı qazanıb. Yüksək nəticə göstərən məktəblər mükafatlandırılıb.

Bu münasibətlə keçirilən tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov və Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildiriblər ki, Kəngərli rayonunun ümumtəhsil məktəblərində yaradılan müasir tədris şəraiti şagirdlərin yaxşı təhsil almasına, buraxılış və qəbul imtahanlarında uğurlu nəticə göstərmələrinə öz müsbət təsirini göstərib. 2021-2022-ci tədris ili üzrə də Kəngərli rayon ümumtəhsil məktəblərinin məzunlarının 86 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak edib. Onlardan 107-si, yaxud 77 faizi ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olunub, 11-i 500-700 bal arası nəticə göstərib. 2 məzun qızıl nişana, 4 məzun fərqlənmə attestatına layiq görülüb, 17 şagird isə 2021-2022-ci tədris ilində keçirilən olimpiada və müsabiqələrin qalibi olub.

Vurğulanıb ki, Kəngərli rayonunda fəaliyyət göstərən məktəblərdən 5-i qəbul nəticələrinə görə muxtar respublikanın orta göstəricisindən yüksək nəticə əldə edib. Yurdçu kənd tam orta məktəbinin məzunu Turac Mehdiyeva Prezident təqaüdünə layiq görülüb.

Çıxış edənlər qazandıqları uğurlu nəticələrə görə rayon ümumtəhsil məktəblərinin pedaqoji kollektivinə təşəkkür ediblər.

Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı çıxış edərək 2021-2022-ci tədris ilinin yekunları barədə hesabat verib və cari tədris ilində görüləcək işləri diqqətə çatdırıb.

Sonra ötən tədris ilində keçirilən qəbul imtahanlarında əldə etdikləri uğurlu nəticələrə görə Kəngərli rayon Qıvraq qəsəbə, Qarabağlar kənd 1 nömrəli, Şahtaxtı, Qabıllı və Yurdçu kənd tam orta məktəblərinə diplomlar təqdim edilib.

admin

Related Posts