Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Putin Soçidə Qarabağ planını açıqlayacaq – Müharibə istisna deyil

Putin Soçidə Qarabağ planını açıqlayacaq – Müharibə istisna deyil

Oktyabrın 31-də Soçidə Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Soçi görüşünün gündəliyi rəsmən açıqlanmasa da, əsas müzakirə mövzusunun sülh sazişi və Zəngəzur dəhlizi ilə bağlı olacağı ehtimal edilir.

Üçtərəfli görüşdən gözləntilərə gəlincə, fikirlər müxtəlifdir. Bir çoxları hesab edir ki, Rusiya “Vaşinqton variantı”nı gündəmə gətirməklə, sülh sazişinin imzalanmasını əngəlləməyə çalışır. 

Məsələ ilə bağlı Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib ki, Soçi görüşündə tərəflərin baxış bucaqları yenidən qeyd ediləcək, kimin nə istədiyi məlum olacaq:

“Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı Qərbin yol xəritəsi məlumdur. Bu görüşdə Rusiyanın da yol xəritəsi məlum olacaq. Rusiyanın yol xəritəsi daha çox Qarabağın dağlıq hissəsi ilə bağlı məsələni gələcəyə saxlamağı özündə ehtiva edir. Bu yol xəritəsinə uyğun olaraq delimitasiya, demarkasiya və digər məsələlər paket şəkildə imzalana bilər”.


Politoloq hesab edir ki, Paşinyan artıq seçim etməlidir:

“Görüş tərəflərin bir-birinə olan münasibətinin göstərilməsi, eyni zamanda fikir mübadiləsi üçün mühüm rol oynayacaq. Azərbaycanın mövqeyi konkretdir. Əsas tələbimiz Qarabağın Azərbaycan torpağı olduğunu Ermənistanın qəbul etməsidir. Digər məsələlər ikinci dərəcəli problemlərdir. Mən düşünürəm ki, nə qədər ki, Qarabağın dağlıq hissəsində separatçılar var, nə Azərbaycan-Ermənistan, nə də Azərbaycan-Rusiya arasındakı münasibətlərdə sabitlikdən danışa bilərik. Unutmamaq lazımdır ki, iş adamı Ruben Vardanyanın Qarabağa gəlməsi, telekanallarda Azərbaycana qarşı aparılan informasiya  müharibəsi, bəzi dairələrin Qafqazla bağlı fikirlərinin nədən ibarət olduğunu açıq-aşkar göstərir”.

Zaur Məmmədov düşünür ki, regionda cərəyan edən hadisələr Türkiyə-Azərbaycanın birliyini daha da gücləndirir. Yeni müharibə ehtimalına gəlincə, politoloq deyib:

“Proseslər Azərbaycanla Türkiyəni yeni addımlar atmağa sövq edəcək. Həm Ermənistan, həm Rusiya, həm də ABŞ və Avropa İttifaqı 30 il ərzində münaqişəli vəziyyəti uzatmaqda maraqlı oldular. Bu da müharibə ilə nəticələndi. Bu dəfə vaxtın uzadılması yeni müharibəyə gətirib çıxara bilər. Önümüzdəki 6 ay müddətində sülh müqaviləsinin imzalanması vacibdir. Əks təqdirdə region yeni müharibənin şahidi ola bilər”.

Editor

Related Posts