“Türkiyə ilə çox konstruktiv dialoqumuz var. Bu dialoq çərçivəsində nə Ermənistan, nə də Türkiyə tərəfləri heç bir ilkin şərt irəli sürməyiblər”.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bunu Braziliyanın “Correio Braziliense” qəzetinə müsahibəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Biz açıq şəkildə bildirdik ki, diplomatik münasibətlərin qurulmasında əsas məqsəd Ermənistanla Türkiyə arasında sərhədlərin açılmasıdır. Bu sərhəd 34 il əvvəl Türkiyə tərəfi tərəfindən bağlanıb”, – deyə Mirzoyan bildirib.
Ermənistanın xarici işlər naziri İrəvan-Ankara münasibətlərinin nizamlanması perspektivlərindən danışarkən deyib ki, onlar müəyyən irəliləyişlər qeydə alıblar: “Xüsusilə, hava yüklərinin daşınmasına qoyulan qadağa götürülüb, birbaşa hava nəqliyyatı həyata keçirilib və bir sıra digər etimadın möhkəmləndirilməsi tədbirləri həyata keçirilib. Biz razılaşdıq ki, birinci mərhələdə sərhəd üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasportlara malik Ermənistan və Türkiyə vətəndaşları üçün açıla bilər. Lakin bu saziş hələ də icra olunmayıb.
Türkiyəli tərəfdaşlarımızdan eşidirik ki, onlar Ermənistanla Azərbaycan arasında münasibətlər yekun şəkildə normallaşana qədər Ermənistanla sərhədin tam açılması məsələsində təmkin nümayiş etdirirlər. Rəsmi ilkin şərtlər olmasa da, əslində Türkiyənin Ermənistanla münasibətləri Azərbaycanla əlaqələrin normallaşması ilə əlaqələndirdiyini görürük. Lakin biz hesab edirik ki, Ermənistanla Türkiyə arasında sərhəd açılsa, bu, Ermənistanla Azərbaycan arasında münasibətlərə çox müsbət təsir göstərə bilər.
Türkiyə ilə əldə olunan konkret razılaşmalar arasında ikitərəfli əsasda sərhəd infrastrukturunun yaradılması üzrə işlərin başlanmasını qeyd etmək olar. Artıq erməni və türk mütəxəssisləri Gümrü-Qars dəmir yolunun vəziyyətini öyrənirlər. Artıq bu proseslər gedir”.