Today Cümə, 11th Aprel 2025
Birinci 24

Birinci 24

Ağcabədidə 14 yaşlı qızın ana olması ilə bağlı məhkəmənin hökmündən apellyasiya şikayəti verilib

Ağcabədidə 14 yaşlı qızın ana olması ilə bağlı məhkəmənin hökmündən apellyasiya şikayəti verilib

Məhkəmənin təqsirləndirilən şəxsə şərti cəza təyin etməsi prokurorluğu narazı salıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Ağcabədidə 14 yaşlı qızın ana olması və bu iş üzrə verilmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya şikayəti verildiyi bildirilir.

Məhkəmənin təqsirləndirilən şəxsə şərti cəza təyin etməsi prokurorluğu narazı salıb.

Məhkəmənin 12 mart 2025-ci il tarixli hökmü ilə Ceyhun Ağayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4.1-ci (on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə təkrarən cinsi əlaqədə olma) maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib. Lakin məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək bu cəzanı 1 il sınaq müddəti təyin olunmaqla şərti hesab edib.

Prokurorluq hesab edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi cinayətin ictimai təhlükəliliyini və ağırlığını nəzərə almadan, qanunvericiliyin prinsiplərinə uyğun olmayan yüngül cəza təyin edib.

Bu səbəbdən, hökmün ləğv edilməsi və təqsirləndirilən şəxsə sanksiya həddində azadlıqdan məhrumetmə cəzasının verilməsi tələb olunur.

Şikayətə Şirvan Apellyasiya Məhkəməsində baxılacaq.

Bir neçə gün əvvəl Ağcabədidə 2001-ci il təvəllüdlü kişinin 2010-cu il təvəllüdlü uşağı cinsi istismara məruz qoyması və qızın hamilə qalması ilə bağlı xəbər yayılıb.

Rəsmi ifadələrə görə o, 14 yaşına çatmamış qızla 2024-cü ilin mayın ortalarından etibarən dəfələrlə cinsi əlaqədə olub.

Təqsirləndirilən ifadəsində cinsi əlaqəyə görə məsuliyyəti qızın üzərinə atıb. O, ifadəsində bildirib ki, 14 yaşına çatmamış qızı sevib, onunla ailə qurmaq niyyətində olub, bu haqda anasına, anası qızın anasına məlumat verib.

2024-cü ilin aprelində zərərçəkənin evində nişan keçirilib. Valideynləri onlara qız 18 yaşına çatandan sonra  rəsmi nikaha daxil olaraq ailə quracaqlarını bildiriblər. Təqsirləndirilən şəxsin ifadəsinə görə, bir müddət sonra guya qız  ona ailə qurmaq istədiyini bildirib, o isə səbrli olmasını, zamanı gəldikdə ailə quracaqlarını dediyini bildirib.

Qız isə cavabında cinsi əlaqədə olacaqları təqdirdə ailələrinin onlara ailə qurmağa icazə verəcəklərini deyərək cinsi əlaqədə olmağı təklif etdiyini deyib.

24 yaşında kişi həm də bildirib ki, yetkinlik yaşına çatmayan bir qızla cinsi əlaqədə olmasına görə cinayət məsuliyyətinə cəlb olunaraq, həbs olunacağını bilmirdi.

Bir neçə ay sonra qızın hamilə olduğunu öyrəniblər. Ailələrin razılığı ilə evdə yaxın qohumların iştirakı ilə “toy” ediblər.

Hamiləliyin 5-ci ayında (2024-cü il, oktyabr) qız “ailə qurduğu” adamın evində, onun ailəsi ilə birlikdə yaşamağa başlayıb.

Editor

Related Posts