Rusiya və ABŞ arasında növbəti danışıqlar aprelin 10-da İstanbulda keçiriləcək.
Birinci24 informasiya agentliyi “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, bu danışıqlarda Rusiyanı Xarici İşlər Nazirliyi təmsil edəcək.
Peskov jurnalistlərə məsələ ilə bağlı sualı cavablandırarkən: “Bu, bizim iştirakımızla olacaq: Bu, Xarici İşlər Nazirliyi vasitəsilə həyata keçiriləcək”, – deyib.
Buna görə də, o, media nümayəndələrini Xarici İşlər Nazirliyindən Rusiya-Amerika təmasları barədə məlumat gözləməyə çağırıb.
Qeyd edək ki, keçən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya və ABŞ-nin hazırda yeni ikitərəfli görüş planlaşdırdığını bildirib.
O, həmçinin qeyd edib ki, hər iki tərəf iki ölkənin Moskva və Vaşinqtondakı səfirliklərinin işinə ciddi müdaxilə edən mənfi halların aradan qaldırılması üzərində işləyir.
Xatırladaq ki, fevralın 27-də İstanbulda Rusiya və ABŞ nümayəndələrinin görüşü olub. Təxminən altı saat yarım davam edən danışıqlarda iki ölkənin səfirlik və konsulluqlarının işinin bərpası ilə bağlı məsələlər müzakirə olunub.