Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Yeniyetmə qızların valideynlərinə çağırış – Sosial şəbəkələrdə bunu edirlərsə…

Yeniyetmə qızların valideynlərinə çağırış – Sosial şəbəkələrdə bunu edirlərsə…

Son illərdə sosial media, xüsusilə də “Tiktok” kimi platformalar yeniyetmələr arasında inanılmaz dərəcədə populyarlaşıb. Əsasən əyləncə məqsədi daşıyan bu platformalar, təəssüf ki, bəzi hallarda təhlükəli və narahatedici məzmunlarla gündəmə gəlir. Xüsusilə azyaşlı və yeniyetmə qızların açıq-saçıq geyimdə video paylaşmaları, qeyri-münasib rəqslərlə özlərini nümayiş etdirmələri cəmiyyətimizdə ciddi suallar doğurur.

Bəs azyaşlı və yeniyetmə qızların sosial mediada özlərini bu cür şəkildə təqdim etməsi hansı psixoloji ehtiyacdan qaynaqlana bilər və bu davranışlar gələcəkdə onların psixoloji inkişafına necə təsir edə bilər?

Psixoloq İlhamə Mustafayeva bu mövzuya dair önəmli detalları bölüşüb:

“Burada bir çox faktor rol oynayır və onlara ailə tərbiyəsi, psixoloji səbəblər, sosial təzyiq və s. aiddir. Bu ailə tərbiyəsindən irəli gələn bir hal olaraq göstərilir. Uşaqlara nəzarətin aşağı səviyyədə olması, valideynlərin uşaqlarla maraqlanmaması kimi amillər onların sosial platformalarda vaxt keçirməsinə, xüsusilə “Tiktok”-da sözügedən paylaşımlar etməsinə gətirib çıxarır. Təəssüflər olsun ki, tüfeyli həyat tərzi olan, övladları ilə maraqlanmayan ailələr də var. Uşaqlar da məhz ana-ataya baxıb nümunə götürürlər”.

Psixoloq bildirib ki, digər bir məsələ insanların psixoloji problemləri ilə bağlıdır:

“Psixoloji normal insan belə videolar çəkərək paylaşmır. Onun öz məqsəd və amalı var, boş vaxtlarında “Tiktok”da qalmır. Normal insanların saatlarla sosial şəbəkələrə sərf etməyə vaxtı yoxdur. Çünki onların bir həyatı var və daim özlərini inkişaf etdirirlər. Hansısa problemlərlə tanış olmaq, gündəmi izləmək üçün ayaqüstü daxil olub baxmaq olar. Biz özümüz də bunu edirik. Ancaq sözügedən tipli paylaşımlar etmək ciddi psixoloji məsələdir”.

İ.Mustafayeva yeniyetmələrin hər dövrə uyğun özünü sübut etmə formaları olduğunu qeyd edib:

“Bu dövr üçün özünü sübuta yetirməyin təzahür forması təəssüflər olsun ki, xoşagəlməz videoların paylaşılmasıdır. Həmin paylaşımlar isə bizim əxlaqi, mənəvi dəyərlərə uyğun gəlmir. Psixoloji cəhətdən cəmiyyət buna qarşıdır. Çünki bu müasirlik deyil. Əfsus ki, müasirlik anlayışı bu cür təhrif edilir. Bütün bunlar savadsızlıqdan, mənəvi boşluqdan, intellektual səviyyənin aşağı olmasından irəli gəlir ki, insan özünü sakitləşdirmək üçün belə videopaylaşımlardan istifadə edir. Təkcə yeniyetmələr yox, yetkin yaşda olan şəxslər də həmin videolardan çəkir. Psixoloji sağlam insan belə davranışlar sərgiləmir. Qorxan, psixoloji problemi olan, sözünü ailədə heç kəsə deyə bilməyən şəxslər özünü təsdiq etmək üçün trend axınına qoşulub. Belə etməklə “mən də varam” deyir və özünü təsdiqlədiyini güman edir.

Yeniyetmələr üçün bu bir keçid sayılır və onlar həmin müddəti baş vurandan sonra öz amalları uğrunda yaşayacaqlar. Ancaq bəzən belə durumlar bir çox yeniyetmələrin həyatlarının bədbəxt olması ilə də nəticələnə bilir. Uşaqlar tanımadığı insanlarla danışır və əlaqə qururlar. Bu da onların həyatında qara ləkələr əmələ gətirir. Həmin izlərin silinməsi də həm psixoloji, həm də fiziki baxımdan bəzən mümkün olmur. Ona görə də valideynlər uşaqlarına nəzarəti gücləndirməlidirlər. Ailədə hər hansı problem varsa, həllini tapmalıdır. Ən əsası isə uşaqlara əsl müasirliyin nə olduğu haqda məlumat verilməlidir ki, belə paylaşımlarla özlərini sübut etməyə çalışmasınlar”.

Editor

Related Posts