İsrail və Türkiyə Azərbaycanda keçirilən danışıqlarda Suriya ilə bağlı razılığa gələ bilməyib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu bəyanatla İsrailin “Kan” dövlət televiziya və radio şirkəti çıxış edib.
Şirkətin bəyanatına görə, tərəflər arasındakı danışıqlarda əsas mövzu Suriya ilə bağlı gərginliyin qarşısını almaq üçün mexanizmin yaradılması olub.
Həmçinin, danışıqların bu il aprelin 12-dən 19-na təsadüf edən yəhudilərin Pesax bayramından sonra davam etdiriləcəyi bildirilib.
Digər tərəfdən, aprelin 10-da İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi Türkiyənin Azərbaycandakı nümayəndələri ilə birbaşa danışıqlar faktını təsdiqləyib. Baş nazirin ofisi qeyd edib ki, görüş zamanı tərəflər regiondakı maraqlarını qeyd ediblər. Bundan sonra regional sabitliyin qorunması üçün dialoqun davam etdirilməsi razılaşdırılıb.
Qeyd edək ki, İsrail və Türkiyə arasındakı münasibətlər Qəzza zolağında 2023-cü ildə başlayan münaqişənin kəskinləşməsi fonunda kəskin şəkildə pisləşib və 2024-cü ilin sonunda Suriyada baş verən hakimiyyət dəyişikliyindən sonra pik həddə çatıb.
Aprelin 8-də Netanyahu son iki ayda Vaşinqtona ikinci səfərini yekunlaşdıraraq ölkəsinin Suriyada türk hərbi bazalarının yaradılmasına qarşı çıxacağını bildirib. Eyni zamanda o, Türkiyə və İsrail arasında mübahisələrin həllində ABŞ Prezidenti Donald Trampın vasitəçilik imkanlarına icazə verib.
Öz növbəsində, Türkiyənin xarici işlər naziri Hakan Fidan aprelin 9-da bəyan edib ki, Ankara Suriya ərazisində heç kimlə, o cümlədən İsraillə münaqişəyə girmək niyyətində deyil. Eyni zamanda o, İsrailin daim müxtəlif hərbi hədəfləri vurduğu Suriya ilə bağlı hərəkətlərini qəbuledilməz adlandırıb. Fidan əlavə edib ki, ölkəsi təhlükəsizlik də daxil olmaqla müxtəlif məsələlərdə Suriyanın yeni hakimiyyət orqanları ilə əməkdaşlıq edir.