Çin rəhbəri Si Cinpin mayın 8-də Rusiya prezidenti Vladimir Putinlə görüşündə Ukraynaya qarşı müharibəni müzakirə edib. O, “böhranın ilkin səbəblərinin” aradan qaldırıldığını deyib, Kreml isə sülh danışıqlarına hazır olduğunu bildirib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi və Reuters məlumat yayıb.
Si Cinpin qeyd edib ki, dünya “yeni turbulentlik və dəyişiklik dövrünə” qədəm qoyub. O, Putinlə sıx əlaqə saxlamaq, xüsusən də Çin-Rusiya münasibətləri üzrə məsləhətləşmələr aparmaq arzusunu ifadə edib.
“Çin və Rusiya strateji qətiyyəti qoruduqca və strateji əməkdaşlığa sadiq qaldıqca, heç bir qüvvə hər iki ölkənin inkişafını və dirçəlişini dayandıra bilməz”, – Çin lideri deyib.
“Reuters”in verdiyi məlumata görə, Si Cinpin Putinə deyib ki, iki ölkə arasında “polad dostluq” olmalıdır. Hər iki dövlət lideri bir-birinə əməkdaşlığı gücləndirəcəklərinə və ABŞ-ın təsirinə “qətiyyətlə” qarşı çıxacaqlarına söz veriblər.
Onlar Rusiya-Ukrayna müharibəsini də müzakirə ediblər. Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə Si Cinpin qlobal təhlükəsizliklə bağlı ümumi və daimi konsepsiyanın tərəfdarı olduğunu və eyni zamanda “bütün ölkələrin təhlükəsizliyi ilə bağlı qanuni narahatlıqların ciddiyə alınmalı” və müharibənin “ilkin səbəbləri”nin aradan qaldırılmalı olduğuna inandığını açıqlayıb.
Putin isə Çin liderinə Rusiyanın ilkin şərt qoyulmadan sülh danışıqlarına başlamağa hazır olduğunu və “ədalətli və güclü sülh razılaşması” əldə ediləcəyinə ümid etdiyini bildirib.
Si Cinpin mayın 9-da keçiriləcək hərbi paradda iştirak etmək üçün artıq mayın 7-dən Rusiya paytaxtındadır.
Putin bir sıra dünya liderlərini Qələbə Gününü Moskvada qeyd etməyə dəvət edib. Avropa ölkələrinin başçılarının əksəriyyəti və ABŞ prezidenti Donald Tramp dəvəti qəbul etməyiblər.
Dünən, mayın 8-də İlham Əliyevin də paradda iştirak etməyəcəyi məlum olub.
Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov mayın 7-də məlumat verib.
“Təəssüf ki, Əliyev gəlməyəcək, belə bir informasiya daxil olub. Səbəbini onun Heydər Əliyevə həsr olunmuş ölkədaxili tədbirlərdə iştirakı ilə izah ediblər”, – o deyib.
Bundan əlavə, aprelin sonunda Putin mayın 8-dən 11-dək “atəşkəs” elan edib və Ukraynanı da “qoşulmağa” çağırıb. Ukrayna prezidenti Vladimir Zelenski cəmi üç gün çəkəcək “atəşkəs” təklifini rədd edərək “heç kim Putinə kömək etməyəcək” deyib.
Ukrayna Xarici İşlər Nazirliyi xarici ölkələri öz hərbi qulluqçularının Moskvadakı paradda iştirakından çəkinməyə çağırıb, əks halda, bunun nasizm üzərində qələbənin xatirəsinə təhqir kimi qiymətləndiriləcəyini bildirib.