Əli Ağalarov “Sea Breeze”də “Crunch Burger Baku” adlı restoran açıb
Dünən, mayın 29-u Heydər Əliyev Fondunun vitse-prezidenti, prezident İlham Əliyevin böyük qızı Leyla Əliyeva öz Instagram hesabında oğlu Əli Ağalarovun yeni açılmış biznes layihəsini reklam edib.

Söhbət Bakının Nardaran qəsəbəsində, “Sea Breeze” də açılan “Crunch Burger Baku” adlı restorandan gedir. Restoranın açılışı sabah, yəni mayın 31-i baş tutacaq.
16 yaşlı Əli Ağalarov da öz Instagram hesabında restoranla bağlı paylaşımını edib.
Bəs restoranın rəsmi olaraq sahibi kimdir?
Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında “CRUNCH” Məhdud Məsuliyyətli Cəmiyyəti adında şirkətin 3 gün öncə, yəni 27.05.2025 tarixində yenicə qeydiyyatdan keçdiyi görünür. “AZ1097, Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, ev 32X Nardaran-Ləhiş yolunun 300 metrliyi” ünvanında qeydiyyatdan keçən şirkətin nizamnamə kapitalı 100 manatdır. Şirkətin qanuni təmsilçisi isə Heydər Rauf oğlu Heydərovdur.
2012-ci ildən etibarən Azərbaycan hökuməti “Kommersiya sirri haqqında” qanun layihəsinə dəyişiklik edərək şirkət təsisçisinin adını kommersiya sirri hesab edir. Ona görə də, şirkətin sahibinin kim olduğunu tapmaq mümkün olmayıb.
Bəs Heydər Heydərov kimdir?
Həm “Crunch Burger Baku”nun, həm də Əli Ağalarovun Instagram izləyiciləri arasında olan Heydər Heydərovun Instagramda qeyd etdiyinə görə, o, “Sea Breeze Resort” da işləyir və Emin Ağalarov onun “şef”idir.

Emin Ağalarov övladlarının biznesi barədə
Azərbaycanlı biznesmen, xalq artisti, İlham Əliyevin keçmiş kürəkəni və ölkənin əyləncə sənayesinin parlaq siması Emin Ağalarovun prezident İlham Əliyevin qızı Leyla Əliyevanın şirkətləri ilə ortaq biznes layihələri və əməkdaşlıqları mövcuddur.
“Sea Breeze” yaşayış və istirahət kompleksinin sahibi Emin Ağalarov əkiz övladlarının Rusiya mediasına müsahibəsindən video paylaşaraq “Zaman necə tez uçur. Təxminən 5-7 il əvvəl biz “Lego”dan birlikdə şəhərlər qurduq və indi bu böyüklər mənə əsl şəhər qurmağa kömək edirlər. Mən sizinlə fəxr edirəm”, – deyə yazıb.
Əli Ağalarov öz növbəsində atası Emin Ağalarova işlərində dəstək olduqlarını açıqlayıb:
“Atamız bizdən soruşur ki, onun gördüyü işlər bizim xoşumuza gəlir yoxsa yox. Bu, çox böyük lahiyə olduğundan biz özümüz də onun ətrafında fokuslanmışıq. Ən gözəl layihə isə “Sea Breeze”in içində hazırda tikilən “Dream liner”dir. Gəmi şəklində olacaq bu tikili Xəzər dənizinə çıxır. Heç nədən bu əzəmətlikdə bir tikilinin ortaya çıxması çox maraqlıdır”.
Nəvə Ağalarovlar rəsmi səfərlərdə
Son dövrlər prezident İlham Əliyevin nəvələrinə vaxt ayırması mətbuatda öz əksini tapıb və ictimaiyyət tərəfindən müzakirə olunub.
Belə ki, Türkiyədə səfərdə olan Prezident İlham Əliyev nəvələri Əli və Mikayıl Ağalarovlarla idman zalında məşq edib. Bununla bağlı fotoları Əli Ağalarov öz sosial şəbəkəsində paylaşıb. “Baba ilə Antalyanın idman zalında tam bədən məşqi!”, – o, paylaşımda qeyd edib.

Bundan başqa Prezident İlham Əliyev Çində rəsmi səfərdə olan zaman ailə üzvləri ilə birlikdə nəvələrini də aparmışdı. İlham Əliyevin Çin lideri Si Szinpin tərəfindən qarşılanma mərasimində prezidentin nəvələri Mikayıl və Əli də iştirak ediblər və Szinpinlə görüşüblər.