Deputat: “Quru sərhədlərin bağlı qalmasına normal yanaşmaq lazımdır”

Deputat: “Quru sərhədlərin bağlı qalmasına normal yanaşmaq lazımdır”

Quru sərhədlərinin bağlı qalması bir sıra amillərlə bağlıdır və bu vəziyyət zərurətdən irəli gəlir.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bunu Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Deputat sərhədlərin bağlı olmasının turizmə mənfi təsir göstərdiyi fikri ilə razılaşmadığını bildirib.

“Azərbaycanda turizm bazası hələ tam şəkildə genişlənməyib. Amma turistlərin ölkəyə gəlməsi üçün kifayət qədər imkanlar mövcuddur. Uçuşlar, təyyarə və qatar reysləri fəaliyyət göstərir. Bu baxımdan turizmə ciddi maneə olduğunu düşünmürəm”, – deyə Mollazadə vurğulayıb.

Onun sözlərinə görə, sərhədlərin bağlı qalması səfərlərin məhdudlaşdırılmasına səbəb olub və bu da ölkə üçün mövcud təhlükələrlə əlaqədardır.

“Bu məsələyə normal yanaşmaq lazımdır. Mövcud vəziyyət müəyyən zərurətlərdən qaynaqlanır və təhlükəsizlik baxımından əsaslı səbəblər var”, – deputat qeyd edib.

!Qeyd edək ki, Azərbaycanda 2020-ci ildən Covid-19 pandemiyası səbəbi ilə karantin rejimi tətbiq olunur. Ölkədə ilk koronavirusa yoluxma halı 2020-ci ilin 28 fevralında qeydə alınıb. Martın 24-dən etibarən isə xüsusi karantin rejimi elan edilib.

Quru sərhədlərin bağlı saxlanılması əvvəlcə koronavirus (Covid-19) epidemiyası ilə əlaqələndirilirdi. Həmin vaxt bir çox dünya ölkələri də öz sərhədlərində müxtəlif məhdudiyyətlər tətbiq etmişdilər. Ancaq sonradan digər ölkələrdə karantinlə bağlı qadağalar ləğv edildi.

Prezident İlham Əliyev 2024-cü il sentyabrın 23-də Milli Məclisdə çıxışında quru sərhədlərin bağlı qalmasının təhlükəsizlik baxımından vacib olduğunu bildirərək, bunun son illərdə Azərbaycanı böyük fəlakətlərdən xilas etdiyini iddia edib.

5 ildən çoxdur ki, ölkənin quru sərhədləri bağlı saxlanılır. Sonuncu dəfə bu bu il martın 18-də Baş nazir Əli Əsədovun qərarı ilə karantin rejiminin müddəti aprelin 1-dən iyulun 1-dək uzadılıb.

Editor

Related Posts