Adı sənətindən çox qalmaqallı xəbərlərdə çəkilən müğənni Vəfa Şərifova yenə səs-küylü açıqlamalar verib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, “Tarixin bir günü” verilişində qonaq olan ifaçı şəxsi həyatı haqqında danışıb. O, susqunluğunu pozaraq bəzi məqamlara toxunub:
“Mən bu məsələyə görə illərdir ki, qınanılıram. Övladım məndən “atamın yanındakı bu qadın kimdir?” soruşana qədər açıqlama vermədim. O sualı eşitməyənə qədər efirə çıxıb bu şeylər haqda danışmadım. Mən daş-qalaq olsam belə dözürdüm. Övladım üçün müəyyən məqamlar haqda məcbur qalıb açıqlama verdim. Çünki başqa bir qadını da incitmək istəmirdim. Bir Allahım şahiddir ki, mən səbəbkar deyiləm. Sadəcə efirdə məndən deməyim tələb olunub ki, ailəliyəm. Bunu mənim övladımın atası məndən tələb edib. Onun bir sözünü heç vaxt iki etməmişəm. Bunu bütün Azərbaycan bilir. Birinci adını, sonra şəklini, videosunu, övladının toyundan kadrları mediaya verdilər. Efirdə sənətdə olmayan bir xanımı göstərdilər. Onun da övladları var və ona da pis təsir etdi. Baxış yığmaq uğruna bu qədər insana zərbə vurdular. Övladım bir neçə ay əvvəl mənə bu sualı verdi və günlərlə özümə gələ bilmədim. Həmin hadisədən sonra telefonu əlindən aldım və heç bir açıqlama verə bilmədim. Allah heç bir ananı o duruma düşürməsin”.