Amerikalı qrafik prosessor istehsalçısı “Nvidia” proqram təminatı istehsalçısı “Microsoft”u keçərək, dünya bazarlarına liderlik edən ən bahalı şirkətlər reytinqində birinci olub.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə məlumat “TradingView” saytında öz əksini tapıb.
Saytın məlumatına görə, çərşənbə axşamı ticarətin nəticələrinə əsasən, “Nvidia”nın kapitallaşması 3,45 trilyon dolar təşkil edib. Amerikanın NASDAQ birjasında şirkətin qiymətli kağızlarının qiyməti isə 141,22 (+2,8%) dollar olub.
Eyni zamanda, “Microsoft”un kapitallaşması 3,44 trilyon dollar, NASDAQ-dakı səhmlərinin qiyməti isə 462,97 dollar (+0,22%) təşkil edib.
Üçüncü yerdə isə 3,04 trilyon dollarlıq bazar kapitalı ilə “Apple” qərarlaşıb. Onun səhmləri 0,78% artaraq 203,79 dollar olub.
Qeyd edək ki, “TradingView”in reytinqləri bazar kapitallaşmasına əsaslanır və qlobal bazarlarda aparıcı şirkətləri təmsil edir.
Xatırladaq ki, “Nvidia” 1993-cü ildə əsası qoyulmuş qrafik prosessorları və digər çipləri istehsal edən Amerika texnologiya şirkətidir. Onun qərargahı Santa-Klara şəhərində (Kaliforniya ştatı) yerləşir. Şirkətin məhsulları süni intellekt, video oyun və avtomobil sənayesində geniş yayılıb.