Azərbaycan və Ermənistan itkin düşənləri birgə axtarmağa razılaşıb?

Azərbaycan və Ermənistan itkin düşənləri birgə axtarmağa razılaşıb?

Azərbaycan və Ermənistan Birinci Qarabağ Müharibəsində itkin düşmüş şəxsləri birgə axtarmaq barədə ilkin razılığa gəlib.

Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan iyunun 4-də parlamentdəki dinləmələrdə deyib. 

O, həmçinin, iyunun 4-də iki ölkənin itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının nümayəndələrinin baş tutmuş görüşündən danışıb. 

“Bəli, görüş baş tutdu. Bu artıq ikinci belə görüş idi. İtkin düşən şəxslərin taleyi və mümkün axtarış əməliyyatları müzakirə olundu. Bu əməliyyatların davamlı olacağı ilə bağlı ilkin razılaşma mövcuddur. Bu görüşü müsbət addım kimi qiymətləndirirəm,” – direktor bildirib.

“Bilirəm ki, hamı gözləyir. Bu məsələdə ən çox maraqlı tərəf bizik. Təəssüf ki, sabah, beş günə, bir aya, ya da bir ilə nəticə olacaqmı, deyə bilmərəm, amma sizi əmin edə bilərəm ki, bu istiqamətdə mümkün olan hər şey edilir,” – xidmət rəhbəri əlavə edib. 

Azərbaycan tərəfi 4 iyun görüşünün nəticələri ilə bağlı bəyanatında birgə axtarışla əlaqədar razılığa toxunmayıb. 

“Görüşdə məlumat mübadiləsi imkanları, axtarış tədbirlərinin əlaqələndirilməsi məsələləri nəzərdən keçirilib.
Tərəflər humanitar sahədə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb və itkin düşmüş şəxslərin ailələrinin maraqları naminə gələcək təmaslara hazır olduqlarını bildiriblər”
, – Azərbaycanın Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının açıqlamasında deyilir. 

Birinci Qarabağ Müharibəsi 1991-1994-cü illərdə keçmiş Dağlıq Qarabağ ərazisində və ətraf rayonlarda davam edib. Sözügedən ərazilərin tamamı hazırda Azərbaycanın nəzarəti altındadır.

Editor

Related Posts