Trampla Mask söz davasında: “Mən olmasam, o, prezident olmazdı” 

Trampla Mask söz davasında: “Mən olmasam, o, prezident olmazdı” 

ABŞ Prezidenti Donald Tramp və onun seçki kampaniyasında ən böyük müttəfiqlərindən olmuş İlon Mask arasında qalmaqal yaşanır. 

Söz davasının başlamasına səbəb Maskın Konqresdə qəbul olunan və Trampın şiddətlə dəstəklədiyi, “Böyük, Gözəl Qanun Layihəsi” adını verdiyi büdcə layihəsini tənqid etməsi olub. 

Mask iyunun 3-də “X” səhifəsində qanun layihəsini “iyrənc bir rüsvayçılıq” adlandırıb və yazıb ki, ona səs verən Konqresmenlər özlərindən utanmalıdır:

“Bu büdcə layihəsi onsuz da nəhəng olan büdcə kəsirini kəskin şəkildə artıraraq 2.5 trilyon dollara (!!!) çatdıracaq və Amerika vətəndaşlarını dözülməz dərəcədə dayanıqsız borc yükü altına salacaq”.

ABŞ-ın ötən il üçün olan büdcə kəsrinin 1.8 trilyon ABŞ dolları həcmində olduğu təxmin olunur. 

Büdcə layihəsi artıq Konqresdə qəbul olunub və Senatda oxunuşa qoyulacağı gözlənilir. 

İyunun 5-də Ağ Evdə Maskın tənqidi ilə bağlı suala cavab verən Tramp bundan məyus olduğunu deyib. 

Prezident iddia edib ki, büdcə layihəsində elektrikli avtomobillər üçün subsidiyalar nəzərdə tutulmadığına görə keçmiş müttəfiqi layihəni tənqid edir. 

Maskın sahibi olduğu “Tesla” şirkəti elektrikli avtomobil istehsalı üzrə ixtisaslaşıb. 

Qalmaqalın ən gözlənilməz hissəsi bundan sonra başlayıb. Mask öncə “X”də subsidiyalar barədə narahat olmadığını yazıb, lakin o, az sonra Trampın şəxsinə yönəlik ittihamlar irəli sürüb. 

Milyarder əvvəlcə Trampın məhz onun sayəsində prezident seçildiyini iddia edib. 

“Mən olmasaydım, Tramp seçkidə uduzacaqdı, Demokratlar Konqresə nəzarət edəcəkdi və Respublikaçılar Senatda yalnız 51-49 çoxluğuna malik olacaqdı”, – o yazıb. 

Mask sonra daha böyük ittiham irəli sürüb. O iddia edib ki, Trampın adı azyaşlıların cinsi istismarı haqda olan, “Epşteyn sənədləri” kimi tanınan cinayət işində var və məhz buna görə bu işdə əli olmuş şəxslərin siyahısı hələ də ictimaiyyətə açıqlanmayıb. 

Tramp şəxsinə yönəlik ittihamlara hələ ki cavab verməyib. 

Ağ Evin mətbuat katibi Karolayn Levit ittihamlarla bağlı jurnalistin sualına cavabında bildirib: “Bu, İlonun istədiyi məsələlərin “Böyük, Gözəl Qanun Layihəsi”ndə yer almamasına görə narazı qalmasından irəli gələn, onun tərəfindən xoşagəlməz bir hadisədir.”

Dünyanın ən varlı adamı olan İlon Mask ötən il Trampın prezident və Respublikaçı namizədlərin Konqresə seçilməsi üçün onların seçki kampaniyalarına ümumilikdə 277 milyon ABŞ dolları ianə edib. 

Tramp səlahiyyətlərinə başladıqda Maskı yeni yaratdığı Hökumətin Səmərəliliyi Departamentinə başçı təyin edib. 

Onun “xüsusi hökumət işçisi” statusu ilə çalışdığı bu işdə səlahiyyət müddəti bu yaxınlarda başa çatıb.

Editor

Related Posts