İsveçli iqlim fəalı Qreta Tunberq İsraildən deportasiya edildikdən sonra ilk dəfə ictimaiyyət üçün çıxış edib.
Tunberq Paris aeroportunda jurnalistlərə deyib ki, o və “Azadlıq Donanması Koalisiyası” qrupunun digər üzvləri İsrail tərəfindən beynəlxalq sularda oğurlanıb və “öz iradələri əksinə” İsrailə aparılıb.
“Bu, İsrailin törətdiyi saysız-hesabsız beynəlxalq qanun pozuntularının yanına əlavə olunan daha bir pozuntudur. Amma bu, fələstinlilərin başına gələnlərin yanında heç nədir”, – o bildirib.
İsrail ordusu iyunun 9-da Qəzza zolağına yaxınlaşan, “Azadlıq Donanması Koalisiyası” adlı qrupun olduğu gəmini saxlayıb və 12 qrup üzvünü həbs edib.
Onlardan 4-ü deportasiya edilib, digərlərinin isə deportasiya olunmağa razılaşmadığına görə məhkəmə önünə çıxarılması gözlənilir.
“Azadlıq Donanması Koalisiyası”nın 12 üzvünün olduğu Madlen gəmisi 1 həftə əvvəl İtaliyanın Kataniya limanından yola çıxmışdı və İsrail blokadası altında olan Qəzza əhalisinə humanitar ehtiyaclar çatdırmağı planlayırdı.