Hindistanın qərbində “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin qəzaya uğraması nəticəsində ən azı 170 nəfər həlak olub.
Birinci24 informasiya agentliyi xəbər verir ki, “News18” telekanalı məlumat yayıb.
Məlumata görə, ölənlərin sayı ilə bağlı hələlik rəsmi məlumat yoxdur.
Qəza yerində xilasedicilər işləyir.
İlkin məlumatlara görə, təyyarə qəzaya uğrayarkən yataqxana binasına çırpılıb.
Digər tərəfdən, “Reuters” agentliyinin məlumatına görə, təyyarədə 169 Hindistan vətəndaşı və 61 xarici ölkə vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından təyyarədə 53 Britaniya, bir Kanada və yeddi Portuqaliya vətəndaşı olub. Bundan başqa, təyyarənin göyərtəsində 217 böyük və 11 uşağın olduğu məlum olub.
NDTV telekanalının məlumatına görə, təyyarənin qəzaya uğramasına səbəb quşların mühərrikə girməsi ola bilər. Belə ki, mühərriklərə quş girib və bu səbəbdən təyyarə təhlükəsiz uçuş üçün lazımi sürətə çata bilməyib.
***13:42
Hindistanın qərbində yerləşən Əhmədabad şəhərinin hava limanı yaxınlığında “Air India” aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Hindistanın “News18” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Londona uçan “Boeing 787 Dreamliner” tipli təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb.
Hindistan polisi də “Air India” aviaşirkətinə məxsus təyyarənin Əhmədabad hava limanı yaxınlığında qəzaya uğradığını təsdiqləyib.
Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.
Digər tərəfdən, NDTV telekanalı təyyarə qəzasında sağ qalanların olduğunu istisna etməyib.