Bu gün, iyunun 12-də Azərbaycan dövlət başçısı İlham Əliyev bəzi sosial müavinətlərin, prezident təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin növbəti aydan artırılması haqqında fərman imzalayıb.
Həmin fərmanla 20 Yanvar hadisələrində, habelə ölkənin ərazi bütövlüyü uğrunda və Əfqanıstanda həlak olan hərbçilərin ailələri üçün prezidentin aylıq təqaüdü 600 manatdan 700 manata çatdırılır.
Ondan başqa müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər üçün iyulun 1-dən prezident təqaüdünə də dəyişiklik ediləcək. Orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə bu məbləğ 500 manatdan 600 manata, 61–80 faiz pozulmada 400 manatdan 500 manata, 31–60 faiz pozulmada isə 330 manatdan 400 manata qaldırılıb.
Həmçinin, 2-ci Dünya müharibəsi qəhrəmanlarına prezidentin aylıq təqaüdü 2 min manatdan 2 min 200 manata, Azərbaycanın Milli Qəhrəmanlarına 1800 manatdan 2 min manata, prezidentin fərdi təqaüdü isə 1500 manatdan 1700 manata yüksəldilib.
Habelə uşağın anadan olmasına və dəfn üçün birdəfəlik müavinət də 600 manat olub. Həmin məsələlər üzrə hazırda birdəfəlik müvinət 500 manatdır.
Əlilliyə görə müavinətlər nə qədər artırılır
Üstəlik, ümumi xəstəlik, hərbi xidmət dövrü, istehsalat zədəsi, peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla , Çernobıl Atom Elektrik Stansiyasında qəzanın ləğvi və terror hadisəsi ilə əlaqədar səbəblərdən baş verən əlilliyə görə də müavinətlər artırılıb.
Onlarda orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə müavinət 270 manatdan 300 manata, 61-80 faiz pozulması ilə bağlı 220 manatdan 250 manata, 31-60 faiz pozulmada isə 150 manatdan 180 manata çatdırılıb.
Əlavə olaraq, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar səbəblərdən əlil olanlar da yaddan çıxarılmayıb.
Onlarda da bu məbləğ uyğun olaraq 270 manatdan 300 manata, 220 manatdan 250 manata və 150 manatdan 180 manata yüksəldilib.
Fərmanla ailə başçısını itirməyə görə müavinət isə 140 manat olacaq. Bu müvinət hazırda 120 manatdır.
Qəyyumluq, övladlığa uşaq götürməyə görə müavinətlər
Eyni zamanda müddətli hərbi qulluqçuların uşaqlarına və valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) verilən müavinət də artacaq. Bu kateqoriyada da artım 20 manatdır (120 manatdan 140 manata qaldırılıb).
Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə də 140 manat müavinət veriləcək. Onlarda isə artım 40 manatdır.
Bütün sadalamalarla yanaşı himayədar ailəyə verilmiş əlilliyi olan uşaqlara görə də müavinətlər artırılıb. Belə ki, himayədar ailəyə verilmiş əlilliyi olan uşağa görə müavinət 0-6 yaş arası uşaq üçün 395 manatdan 500 manata, 7–13 yaş arası uşağa 415 manatdan 600 manata, 14–18 yaş arası uşağa isə 435 manatdan 650 manata çatdırılıb.
Onlarla yanaşı, övladlığa götürülən hər uşağa görə aylıq müavinət də 200 manatdan 240 manata yüksəldilib. Ailə başçısını itirməyə görə aylıq müavinət isə 20 manat artırılaraq 140 manata çatdırılacaq.
Ən nəhayət fəxri adlara layiq görülmüş şəxslərə verilən aylıq təqaüd də artıb. “Xalq” fəxri adına görə təqaüd 200 manatdan 300 manata, “Əməkdar” fəxri adına görə isə 150 manatdan 200 manata yüksəldilib.
Bu ilin əvvəlində ölkədə bəzi kommunal xidmətlərin qiymətlərində də artım olub. Söhbət həm elektrik, həm qaz və həm də suyun qiymətlərindən gedir. Artımlar limitlər üzrə təqribən 20 faizə qədər olub.