İsrail və İran arasında hərbi münaqişə bir həftədən çoxdur davam edir.
İsrailin İran şəhərlərini raket atəşinə tutması və hərbi liderlərini öldürməsi ilə başlayan münaqişədə tərəflər bir-birini raket və dron hücumlarına məruz qoyur, mülki şəxsləri öldürür.
Münaqişə İranla qonşu olan Azərbaycana coğrafi olaraq çox yaxındır. Həmçinin, hər iki ölkə ilə dost olduğunu bəyan edən Azərbaycanın mövqeyi də geosiyasi baxımdan maraq doğurur.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) iyunun 13-də verdiyi bəyanatda İsrailin İran ərazisində keçirdiyi hərbi əməliyyatdan “ciddi şəkildə narahat” olduğunu deyib.
XİN vəziyyətin gərginləşdirilməsini “qəti şəkildə” pisləyib və tərəfləri “mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyə” çağırıb.
Xarici işlər naziri Ceyhun Bayramov iyunun 14-də iranlı həmkarı Seyid Abbas Əraqçi ilə telefon danışığında bölgədəki “təhlükəsizlik vəziyyətindən narahatlıq” ifadə edib.
Münaqişədən təsirlənən şəhərlər arasında azərbaycanlıların çoxluq təşkil etdiyi Təbriz və Ərdəbil kimi şəhərlər də var. “APA”nın yaydığı xəbərə görə, Azərbaycan müxtəlif kanallarla İsraildən azərbaycanlılar yaşayan yerlərdə “mülki əhalinin təhlükəsizliyi ilə bağlı ehtiyatlı olmağı” xahiş edib.
Siyasi şərhçi Şücaət Əhmədzadə Cənubi Qafqazı əhatə edən ingilisdilli “Caucasus Edition” jurnalında bildirir ki, Azərbaycan bu münaqişədə tərəf olmasa da, “heç bir maraqları olmayan müşahidəçi də” deyil.
Raket atəşinə məruz qalan İran şəhərlərinin Azərbaycana yaxınlığını, habelə İranda təxminən 25 milyon etnik azərbaycanlının yaşadığını xatırladan Əhmədzadə qeyd edir ki, böyüyə biləcək müharibə Azərbaycan üçün də risklər daşıyır. O, bu risklərdən birinin qaçqın köçü ola biləcəyini deyir.

“Azərbaycanın quru sərhədləri 2020-ci ildən bəri rəsmi olaraq bağlı qalsa da, ümidsizlik qarşısında fiziki maneələrin aşılması mümkündür. Genişmiqyaslı qaçqın axını Azərbaycanın resursları və infrastrukturunu misilsiz təzyiq altına ala bilər”, – şərhçi qeyd edir.
Əhmədzadə Bakı üçün qaçqın böhranından da pis ssenarilərin olduğunu düşünür:
“Daha dərin qorxu ondan ibarətdir ki, bu müharibə ya eskalasiya, ya da səhv hesablamalar nəticəsində daha geniş regional qarşıdurmaya çevrilə bilər. ABŞ və digər regional aktorlar bu burulğana cəlb olunduğu halda, münaqişədən özünütəcrid ilə fəlakət arasındakı sərhəd son dərəcə incəlir”.
Əhmədzadə bildirib ki, müharibə genişlənərsə və, xüsusilə İran üçün vəziyyət hərbi-siyasi baxımdan daha da çıxılmaz hal alarsa, Azərbaycan “normal müharibə şəraitində atılmayan addımlar atmaq” məcburiyyətində qala bilər.
O, buna nümunə olaraq Azərbaycanın “arxayınlıq və dayanıqlılıq üçün” ən yaxın müttəfiqi Türkiyəyə üz tuta biləcəyini misal çəkir.
Ekspert əlavə edib ki, Körfəz ölkələri və İraqla müqayisədə Azərbaycana müharibənin birbaşa təsir riskləri azdır. “Ancaq riskin az olması, olmaması demək deyil”, – o qeyd edib.
Azərbaycan həm İran, həm İsraillə yaxın münasibətlər saxlayır.
İsraillə münasibətlər həmişə qaydasında olsa da, İranla əlaqələr son bir neçə ildə enişli-yoxuşlu olub.
Lakin bu yaxınlarda İran Prezidenti Azərbaycana səfər edib və bir sıra əməkdaşlıq sazişləri imzalanıb, həmçinin dostluq mesajları verilib.
Vaşinqtonda mənzillənən Kuinsi İnstitutunun qeyri-rezident elmi işçisi Eldar Mamedov deyir ki, Azərbaycanın münaqişə ilə bağlı rəsmi neytral mövqeyi və gərginliyin azaldılmasına çağırışı “həm diplomatik praqmatizmi, həm də daha dərin geosiyasi hesablamaları əks etdirir”.
“Bakı üçün İranla açıq qarşıdurmadan qazanılacaq çox şey yoxdur – ölkələr arasında ortaq sərhəd var, iqtisadi əlaqələr mövcuddur (məsələn, enerji tranziti, Şimal-Cənub ticarət dəhlizi), həmçinin uzunmüddətli münaqişə şəraitində miqrant axını, sabitliyin pozulması, münaqişənin Azərbaycanın öz ərazisinə yayılması riskləri var”, – o bildirib.

Buna baxmayaraq, Mamedov düşünür ki, uzunmüddətli perspektivdə Bakı İranın daxili zəifliklərini fürsət kimi dəyərləndirərək oradakı azərbaycanlıların yaşadığı bölgələrlə əlaqələrini gücləndirməkdə maraqlı ola bilər.
“Nəticə etibarilə, Azərbaycanın ictimai səviyyədə sərgilədiyi neytrallıq İranı qıcıqlandırmamaqla yanaşı, İsrail, ABŞ və Avropa İttifaqını da arxayın edir. Lakin qapalı qapılar arxasında Bakı İranın daxili zəifliklərini regionda öz təsirini artırmaq üçün bir imkan kimi görə bilər. Rejim dəyişikliyi açıq məqsəd olmasa da, zəifləyən və parçalanan İran Bakının maraqlarına uyğun ola bilər”, – o əlavə edib.
Azərbaycan İsraillə ticarət, təhlükəsizlik və hərbi sahələrdə uzun illərdir əməkdaşlıq etsə də, İsraili özünə bir növ düşmən görən Türkiyə ilə daha yaxın müttəfiqdir.
Digər tərəfdən, Azərbaycan İsrailin ən yaxın müttəfiqi və İrana zərbə endirmək ehtimalı olan ABŞ-ın da bir müddətdir radarına girməyə, yaxşı mənada diqqətini cəlb etməyə çalışır. Prezident İlham Əliyev hələ Donald Tramp prezident olmamışdan onu tərifləmiş, onunla əməkdaşlığın daha yaxşı olduğunu demişdi.
Mamedovun fikrincə, Ankara İsraili açıq şəkildə tənqid etsə də, onunla ticarət əlaqələrini, o cümlədən Azərbaycan neftinin tranzitini, davam etdirir.
“Müharibə baş verdiyi təqdirdə, Türkiyə səssiz şəkildə Azərbaycanı dəstəkləyə və İranın azərbaycanlıların yaşadığı bölgələrində nüfuz qazanmağa çalışa bilər. İranın zəifləməsi, lakin tam dağılmaması Ankaranın maraqlarına cavab verir”, – o deyir.
Digər yandan, Bakı “üstüörtülü anti-İran mövqeyindən istifadə edərək ABŞ-dakı bəzi dairələrin, xüsusilə də Tramp administrasiyasının dəstəyini qazanmağa çalışır”.
“Bununla belə, ABŞ-ın uzunmüddətli dəstəyi etibarlı deyil və bu, əsasən İsrail-İran müharibəsinin gedişatına, eləcə də Vaşinqtonun münaqişədə iştirak səviyyəsinə bağlı olacaq”, – Mamedov bildirib.